Vəkil Elçin Sadıqov mayın 5-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə baş çəkərək məhbus Hüseyn Abdullayevlə görüşüb. Novator.az-ın məlumatına görə, o yazır ki, Hüseyn Abdullayev müalicə aparılmamasından, səhhətinin daha da pisləşməsindən şikayətlənib: “Hökumət Avropa İnsan Hüquqları Məhkəməsi ilə yazışmada Hüseyn Abdullayevin səhhətindəki ölümcül xəstəlikləri gizlətsə də, təyin edilmiş dərmanların siyahısı onun hər an ölüm təhlükəsi ilə üz-üzə olduğunu sübut edir. Mənimlə söhbətində Hüseyn Abdullayev şəraitsizlikdən, dörd nəfər ağır xəstə ilə bir otaqda saxlanmasından gileyləndi”.
1967-ci il təvəllüdlü Hüseyn Abdullayev bir vaxtlar Yeni Azərbaycan Partiyası hakimiyyətinə yaxınlığı ilə tanınıb.
2005-ci ildə 25 saylı Nizami seçki dairəsindən (Bakı) deputat seçilib. Milli Məclisin 2007-ci il martın 16-da keçirilən iclasında onun deputat Fəzail Ağamalı ilə davası düşüb. Martın 19-da Milli Məclis Hüseyn Abdullayevin deputat toxunulmazlığını ləğv edib. Ona xuliqanlıq və döymə ittihamları ilə cinayət işi qaldırılıb. Həmin gün Nəsimi Rayon Məhkəməsi Hüseyn Abdullayev haqda iki aylıq həbs qətimkan tədbiri seçib. Mayın 18-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alan Hüseyn Abdullayev azadlığa buraxılıb və deputatlıqdan məhrum edilib.
2012-ci ildə Hüseyn Abdullayev Almaniyaya mühacirət edib və Azərbaycan hakimiyyətinə qarşı sərt çıxışlara başlayıb.
2013-cü ildə Azərbaycanda Hüseyn Abdullayevə vergidən yayınma ittihamı ilə cinayət işi başlanıb və o, beynəlxalq axtarışa verilib.
2016-cı ildə ona qanunsuz sahibkarlıq, 2018-ci ildə dələduzluq və hədə-qorxu ilə tələb etmə ittihamları da irəli sürülüb.
2018-ci ilin aprelində sabiq deputat Türkiyədə tutularaq ölkəyə gətirilib.
2019-cu il oktyabrın 1-də Bakı Hərbi Məhkəməsi Hüseyn Abdullayevə 6 il azadlıqdan məhrumetmə cəzası kəsib.
Bakıdakı 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Hüseyn Abdullayev aprelin 22-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Məhbusun müxtəlif xəstəliklərdən, o cümlədən yüksək arterial təzyiqdən, ağır formalı nevrozdan əziyyət çəkdiyi bildirilir.