Təhlükəsizlik Şurasının katibi Ramil Usubov “Azərbaycan” qəzetinin 6 may nömrəsində dərc olunan müsahibəsində Ermənistandakı hərbi revanş ritorikasına toxunub: “Ermənistan siyasi dairələrinin, həm hakimiyyət, həm də müxalifəti təmsil edən keçmiş hərbi xunta təmsilçilərinin qisas yönümlü bəyanatlarını o qədər də ciddiyə almıram. Bu, cəfəngiyatdır, növbəti əhəmiyyətsiz sərsəmləmədir, populizmdir. Qatı millətçi siyasi qüvvələrin primitiv revanşist bəyanatları daha çox daxili auiditoriyaya ünvanlanıb. Artıq erməni xalqının əksəriyyəti belə bu absurd rəylərə inanmır. Savaşın ən real nəticələrindən, ibrət dərslərindən biri də budur”.
Təhlükəsizlik məsələlərindən danışan Ramil Usubov qeyd edib ki, azad edilmiş ərazilərdə davamlı təhlükəsizliyin təmini ilə bağlı fəaliyyət strategiyasının icrasına məsul olan müvafiq dövlət strukturları uğurla işləyir: “Sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır. Azərbaycan ərazidə dünyanın ən mükəmməl nümunələrindən olan hərbi infrastrukturunu, obyektlərini yaradır.
Azərbaycan, Rusiya, Türkiyə prezidentləri arasında bu məsələ ilə bağlı mövcud olan operativ və səmərəli əməkdaşlıq formatı Ağdamdakı monitorinq mərkəzinin fəaliyyətində də davam edir. Lakin görüləcək iş çoxdur.
Vətəndaşlarımız, eləcə də bu vəziyyətə həssaslıqla yanaşan xarici ölkə ictimaiyyəti də tam əmin olsunlar ki, cənab İlham Əliyevin dəmir yumruğu, qətiyyəti bu prosesdə də özünü göstərir. Azərbaycanın milli maraqlarının bir zərrəsi də nə güzəştə gedilir, nə də gözardına qoyulur”.
Novator.az-ın məlumatına görə, azərbaycanlılarla ermənilərin kompakt yaşadığı Qarabağ bölgəsindən olduğunu xatırladan Ramil Usubov deyib: “Uzun illər orada daxili işlər orqanlarında məsul vəzifələrdə çalışdığımdan ermənilərin xarakterini, psixologiyasını, milli xüsusiyyətlərini öz təcrübəmdən bilirəm. Əlbəttə, heç vaxt bütün xalqı ittiham etmək düzgün və sağlam yanaşma deyil. Ancaq mən bir tarixi prosesi də unuda bilmirəm. Ötən əsrin 70-ci illərinədək Qarabağda erməni şovinizmi kəskin hal alanda bu xalqın mütləq əksəriyyəti məlum təsirə meyillənirdi. Ancaq Heydər Əliyevin Qarabağda yürütdüyü siyasətə bir müddətdən sonra elə ermənilər özləri dəstək olmağa başladılar. Sadə ermənilər anlayırdılar ki, Azərbaycan rəhbərliyi ona başqaları kimi boş vədlər yox, real iş, çörək, sakit və təhlükəsiz həyat, firavan yaşayış verir.
1988-ci ildən erməni şovinistlərinin alovlandırdığı separatizmdən erməni xalqı az zərər görmədi. Vətən müharibəsi nəticəsində isə o, əsrlər boyu inandırıldıgı boş xülyaların birdəfəlik dəfn olunduğuna əmin olmağa başladı. 30 ildən artıq davam edən müharibə erməni xalqına səfalət, kasıblıq, müstəqil dövlətçiliyi qazanmadan onu itirib “forposta” çevrilmək taleyi nəsib edib. Ən əsası, Ermənistan Qafqazın ən səmərəli nəqliyyat-tranzit dəhlizə çevrilmə şansını, büdcəsinə daxil olacaq milyardlarla dollar vəsaiti, iqtisadiyyatının güclənmə imkanını itirib və dalana dirənib.
Erməni xalqı anlayır ki, bu gün üzdə olan bütün qüvvələr, istər iqtidar, istərsə də müxalifət onun məğlubiyyətinin, səfalətinin, bütün sahələrdə baş qaldıran böhranın səbəbkarlarıdır və heç biri ona normal gələcək vəd etmir.
Cənab İlham Əliyevin erməni xalqına vəd etdiyi gələcək ən etibarlı seçimdir. Artıq erməni cəmiyyətində Azərbaycanın mövqeyi ilə, şərtləri ilə hesablaşmağa yönəlmiş çağırışlar artır. Bu mövzuda danışmaq, müzakirə açmaq daha xəyanət hesab edilmir. Zaman keçdikcə erməni xalqı da prezident İlham Əliyevin Qafqazda bərqərar etdiyi yeni sabitlik, inkişaf və təhlükəsizlik sisteminə daxil olacaq. Zəngəzur dəhlizi timsalında digər real imkanlardan bəhrələnməklə, nəhayət ki, normal dövlət, sağlam cəmiyyət quruculuğuna başlayacaq”.
Ramil Usubov 1948-ci il dekabrın 22-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı kəndində anadan olub. Bakı Xüsusi Orta Milis Məktəbini və SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını bitirib.
1970-ci ildə daxili işlər orqanlarına qəbul olunan Ramil Usubov xidmətin ilk illərində Şuşada çalışıb. 1980-1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli-Bayramlı Şəhər-Rayon Milis Şöbəsinin rəisi olub. 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.
1989-cu ildən Ramil Usubov Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin rəisi, 1991-ci ildən Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-ci ildən Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrini tutub. 11 avqust 1993-cü ildə yenidən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri olub.
29 aprel 1994-cü ildən 20 iyun 2019-cu ilədək Azərbaycanın daxili işlər naziri vəzifəsində xidmət edib.
General-polkovnikdir.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə olunan atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad edilib.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsi qorumağa məsul olan Rusiya Ordusu bölmələrinin nəzarətindədir.