ABŞ-ın “Bloomberg” agentliyi “Putin Qərbin qətiyyətini sınayır. Ukraynanın başı üstündən qara buludlar hələ çəkilməyib, Avropa və ABŞ Kiyevə lazımi dəstək verməlidir” başlıqlı məqalə dərc edib. Məqalə redaksiya heyəti adından təqdim olunub. Novator.az saytı “Bloomberg”in redaksiya məqaləsini ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.
ABŞ-ın dövlət katibi Entoni Blinkenin Ukraynaya bu gündən başlanan səfəri Bayden administrasiyasının Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətindən narahat olduğunu göstərir. Prezident Vladimir Putin rus qoşunlarına Ukrayna ilə sərhəddən geri çəkilməyi əmr etməklə gərginliyi müvəqqəti yumşaltsa da, yenə Ukrayna dövlətinin öz ərazisi üzərində nəzarətini zəiflətməyə can atır.
ABŞ və onun NATO-dakı müttəfiqləri təhlükəni aradan qaldırmaq üçün birgə tədbirlər görməlidir. İlk növbədə Ukraynanı özünü müdafiə edə bilməsi üçün zəruri silahlarla təmin etmək lazımdır.
Donbas regionunda Ukrayna qoşunları ilə Rusiyanın havadarlıq etdiyi separatçı qüvvələr arasında yeddi ildir davam edən münaqişə son zamanlar daha da gərginləşib və Rusiya həm Ukrayna sərhədi boyunca, həm də 2014-cü ildə ilhaq etdiyi Krımda öz hərbi qüvvələrinin sayını iki dəfə çoxaldıb.
Rusiyanın regionda 100 mindən çox qoşun yerləşdirməsi, eləcə də tanklar, hərbi təyyarələr, desant gəmiləri və pilotsuz uçuş aparatlarını hazır vəziyyətə gətirməsi əhalisinin sayı 40 milyondan çox olan Ukraynaya qarşı hücum təhlükəsini daha da artırıb.
Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciətində Rusiya ilə müharibəyə hazır olduğunu deyib, eyni zamanda Putinlə münaqişə zonasının istənilən yerində görüşməyi təklif edib.
Putin öz cəsarətli çıxışından sonra bildirib ki, sərhəd bölgəsinə göndərilən qoşunlar geri qaytarılacaq. Lakin qoşunların nə vaxt və hansı müddətdə geri qaytarılacağını açıqlamayıb.
Qərb liderləri Ukraynanın təhlükəsizliyini təmin etməkdə maraqlı olduqlarını açıq-aşkar bəyan etməli və sözlərini əməllərlə sübuta yetirməlidirlər.
Bu baxımdan ABŞ prezidenti Cozef Baydenin administrasiyası Fransa və Almaniya hökumətlərindən daha fəal münasibət sərgiləyib. Bu iki ölkə Putini qəti şəkildə tənqid etmək yerinə tərəfləri – Moskva ilə Kiyevi problemi həll etməyə çağırıb.
ABŞ və Avropa Putinin transatlantik alyansı parçalamaq və Ukraynanın Qərbə inteqrasiyasının qarşısını almaq niyyətində olduğunu nəzərə almalıdır. Rusiyanın zəruri dəniz yollarını bloklamaq və güc tətbiqi yolu ilə torpaq ələ keçirmək cəhdlərinə cavab olaraq ABŞ-la Avropa birgə sanksiyalar hazırlamalıdır.
Ukraynaya hərbi yardımın miqyası genişləndirilməlidir. Çünki onun hərbi qüvvələri 2014-cü ildə Krımın mühasirəyə alındığı dövrlə müqayisədə indi daha güclü və hazırlıqlı olsa da, Rusiyanın hücumlarını dəf etmək üçün kifayət qədər potensiala malik deyil.
Bayden Ukraynaya “Javelin” tank əleyhinə idarə olunan raket komplekslərinin əlavə satışını təsdiqləməli və Ukraynanın bu raketlərdən istifadəsi ilə bağlı məhdudiyyətləri yumşaltmalıdır.
Pentaqon həmçinin Ukraynanı radiolokasiya texnologiyaları və gəmi əleyhinə raket kompleksləri ilə təmin etməli və Polşada yerləşdirilmiş hava hücumundan müdafiə xarakterli “Patriot” raketlərini Ukraynaya göndərməlidir.
NATO ölkələri Ukraynanın hərbi təlim potensialını artırmağa kömək etməli və kəşfiyyat məlumatlarını onunla bölüşməlidir. Bu ölkələr həmçinin Ukraynaya Qara dənizdə bazalar yaratmaq planını reallaşdırmağa kömək etmək üçün onu işçi qüvvəsi və resurslarla təmin etməlidir.
Qərb Ukrayna xalqı və ölkə rəhbərliyi ilə daha açıq şəkildə əməkdaşlıq etməlidir. Bayden ABŞ-ın dövlət katibini Kiyevə göndərməklə ABŞ-ın əvvəlki prezidenti Donald Trampın Ukrayna hökumətindən öz siyasi maraqları üçün istifadə etməsi nəticəsində dəyən zərəri aradan qaldıracağına ümid bəsləyir.
Bundan əlavə, Bayden Ukraynaya səfir təyin etmək fikrindədir. Ukraynadakı səfir postu 2019-cu ildən boşdur. Bayden bu boşluğu ən qısa zamanda doldurmaqla yanaşı, Zelenskinin ABŞ administrasiyası ilə mütəmadi əlaqə yarada bilməsi üçün xüsusi elçi təyin etməli, bununla Donbasın taleyi ilə bağlı danışıqları sürətləndirməlidir.
Putinin Ukrayna ilə sərhəddə hərbi qüvvələrin sayını artırması zəif qonşunun gözünü qorxutmaq və Qərbin nə dərəcədə qətiyyətli olduğunu sınaqdan keçirmək məqsədi daşıyır. Ukraynanın özünümüdafiə hüququnun birmənalı şəkildə dəstəklənməsi bu təxribatların müharibə ilə nəticələnməsinin qarşısını almağın ən yaxşı yoludur.
Mənbə: Bloomberg.com