Novator.az xarici işlər nazirinin yeni müavini Elnur Məmmədovun bioqrafiyasını təqdim edir.
Elnur İsrafil oğlu Məmmədov 1981-ci ildə paytaxt Bakıda doğulub.
Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr və magistr səviyyələrini, Vaşinqton Universitetinin hüquq fakültəsinin magistr səviyyəsini bitirib, Fransa Biznes Məktəbində idarəçilik ixtisası alıb.
BDU-nun hüquq fakültəsinin müəllimi olub, təhsil nazirinin müşaviri, Vergilər Nazirliyi Aparatının şöbə rəisi, Xarici İşlər Nazirliyinin Ümumi Katibliyinin rəisi vəzifələrində çalışıb.
2021-ci ilin aprel ayında xarici işlər nazirinin müavini təyin edilib.
2020-ci il iyulun 16-dan xarici işlər naziri postunu 1973-cü il təvəllüdlü Ceyhun Bayramov tutur. Onun daha 4 müavini var.
1977-ci il təvəllüdlü Fariz Rzayev 2020-ci ilin sentyabrından nazir müavinidir. Əvvəllər Xarici İşlər Nazirliyində, Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyində, Avropa İttifaqı yanında nümayəndəliyində çalışıb, Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Təhsil Nazirliyi Aparatı rəhbərinin müavini, həmin aparatın rəhbəri, birinci vitse-prezidentin katibliyinin rəis müavini olub.
1959-cu il təvəllüdlü Xələf Xələfov 1997-ci ildən 2018-ci ilədək xarici işlər nazirinin müavini olub. 2019-cu ildə yenidən müavin vəzifəsinə gətirilib.
1962-ci ildə doğulan Araz Əzimov 1994-cü ildən nazir müavinidir.
1949-cu ildə doğulan Mahmud Məmməd-Quliyev 1993-cü ildən nazir müavinidir. Bir müddət həmçinin Azərbaycanın Böyük Britaniya, İrlandiya, İsveç, Norveç və Danimarkada səfiri olub.