“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 4 may 2021-ci il məlumatında bildirilir ki, Şuşa şəhərini dayanıqlı içməli su ilə təmin etmək proqramının icrasına başlanıb: “Plana əsasən, Kiçik Kirs və Zarıslı suqəbuledici qurğularında yenidənqurma işləri aparılacaq, Kiçik Kirs mənbəyindən Şuşaya yeni magistral su kəməri çəkiləcək, şəhər ərazisində 6 kilometr paylayıcı su xətti, hər birinin tutumu 500 kubmetr olan 3 ədəd su anbarı inşa olunacaq.
İlkin olaraq tikintisi davam edən Füzuli-Şuşa avtomagistralının, eləcə də elektrik stansiyasının ərazisindən keçən magistral kəmər yenilənir. Bu məqsədlə Şuşa şəhərinin yaxınlığındakı suqəbuledici kameradan şəhərdəki anbara qədər polad borularla 1,8 kilometr uzunluğunda yeni magistral su kəməri çəkilir. Kəmərin inşasında istifadə olunacaq maşın-mexanizmlərin, polad boruların və digər mal-materialların Şuşa şəhərinə daşınması təmin edilib. Hazırda tikinti-quraşdırma işləri Laçın-Şuşa avtomagistralının trası boyunca davam etdirilir.
Magistral su kəmərinin inşası zamanı hər bir qaynaq tikişi xüsusi avadanlıqlarla yoxlanır, müvafiq rəydən sonra həmin hissələr həm daxildən, həm də xaricdən izolyasiya olunur. Suyun keyfiyyətini sabit saxlamaq üçün borular daxildən xüsusi boyalarla izolyasiya edilir.
Yeni magistral su kəmərinin Şuşa şəhərinə çəkilən magistral avtomobil yolunun trası ilə kəsişmə hissəsinin inşası qısa müddətdə başa çatdırılacaq.
Layihədə Şuşa şəhərini içməli su ilə təmin edən magistral kəmərlər əlaqələndirilməklə su təminatının bir qovşaqdan idarə olunması nəzərdə tutulur. Hazırda Kiçik Kirs mənbəyindən nəql olunan su şəhərdəki anbar kompleksinə suqəbuledici kameradan, Zarıslı mənbəyindən isə birbaşa ötürülür. Yeni layihənin icrası hər iki kəmərin suqəbuledici kamera ilə əlaqələndirilməsinə və suyun buradan şəhərə bir kəmərlə nəqlinə imkan yaradacaq.
Yeni magistralın inşası ilə yanaşı şəhərdaxili şəbəkədə də tənzimləmə işləri aparılır və baş verə biləcək qəzaların aradan qaldırılması üçün şəhərdə fasiləsiz xidmət təşkil edilib.
Şuşa şəhərinin içməli su və tullantı su şəbəkələri yenidən qurulacaq, təmizləyici qurğular inşa ediləcək”.
Əsası 1750-ci ildə qoyulan Şuşa şəhəri Qarabağ xanlığının paytaxtı, Qarabağ əyalətinin, Şuşa qəzasının baş şəhəri, Azərbaycanın Dağlıq Qarabağ vilayətində rayon mərkəzi olub. 1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib və 28 il 6 ay işğalda saxlayıb.
2020-ci il noyabrın 8-də Azərbaycan hərbçiləri Şuşanı düşməndən təmizləyib.