Azərbaycanın Qarabağ bölgəsində atəşkəsə məsul olan Rusiya Ordusu bölmələri mayın 9-da təntənəli yürüş keçirməyə hazırlaşır. Alman faşizmi üzərində 1945-ci il mayın 9-da əldə olunmuş qələbəyə həsr edilən yürüşün Xankəndi şəhərində təşkil olunacağı açıqlanıb.
Novator.az-ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı bununla bağlı şərhində yazır: “Rusiya niyə Xankəndidə hərbi parad keçirmək qərarına gəlib? İlk baxışda Kreml Azərbaycanla münasibətləri normallaşdırmaqda, cəmiyyətimizi qıcıqlandırmamaqda maraqlı olmalı, anti-Rusiya mövqeli yerli siyasi qüvvələrə əlavə arqument verməməlidir.
Amma yox, Kreml bu paradla bizim rəyimizin Rusiya üçün əhəmiyyətsiz olduğunu, Azərbaycana müstəqil dövlət kimi yox, Rusiyanın təsiri altında olan ərazi kimi baxdığını nümayiş etdirir. Milli qürurumuza toxunmaq, xalqımızı aşağılamaq istəyir.
Cinayətkar təfəkkürlü bu rejim belə üsullarla Rusiya qarşısında acizliyimizi bizə yedirtmək, sonra isə tədricən daxili və xarici siyasətimizi tam nəzarəti altına almaq niyyətindədir. Azərbaycan hakimiyyəti nəyin bahasına olursa-olsun bu paradın keçirilməsinə imkan verməməli, Azərbaycanın müstəqilliyini müqəddəs dəyər kimi qəbul edən hər kəs bütün mümkün imkanlardan istifadə edib Rusiyanın işğalçı siyasətinə qarşı etiraz səsini ucaltmalıdır!”
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, ərazidə özünü müstəqil dövlət sayan Dağlıq Qarabağ rejimi qurulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Dağlıq Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Bu kontingentin odlu silahlarla silahlanmış 1960 hərbi qulluqçudan, 90 hərbi zirehli texnikadan, 380 ədəd avtomobildən və xüsusi texnikadan ibarət, bölgədə qalma müddətinin 5 il olduğu açıqlanıb.
Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.
2021-ci il yanvarın 30-u Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb. Qurum atəşkəsə nəzarət edir.