İqtisadçı Samir Əliyev Bakuresearchinstitute.org saytında bank sektorunun durumunu təhlil edib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 2020-ci il Azərbaycanın bank sektoru üçün ağır sınaqlarla dolu olub: “Bir tərəfdən koronavirus pandemiyasının məhdudlaşdırıcı tədbirlərinin iqtisadi aktivliyi minimuma endirməsi, digər tərəfdən 44 günlük Vətən müharibəsinə görə fövqəladə vəziyyətin elan edilməsi bank sektoruna təsirsiz ötüşmədi. Nəticədə bankların iqtisadiyyata töhfəsi daha da məhdudlaşdı, gəlirlərin azalması səbəbindən əhalinin bank resurslarına çıxışı çətinləşdi.
Ötən il bank sektorunda yadda qalan əsas hadisə 4 bankın bağlanması oldu. Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il qərarları ilə “Atabank” və “Amrah Bank”ın, 12 may 2020-ci il qərarları ilə “AGBank” və “NBCBank”ın lisenziyaları ləğv edildi, fəaliyyətdə olan bankların sayı 26-ya düşdü.
4 bankın bağlanması pandemiya ilinə təsadüf etsə də, əslində məsələnin kökü 2015-ci ildə baş vermiş kəskin devalvasiyalardan qaynaqlanır. Məhz həmin devalvasiyalar nəticəsində banklar zərbə aldılar və onların təxminən üçdə biri bazarı tərk etməli oldu. Devalvasiyadan sonrakı 5 il ərzində bazarda qalmış bəzi bankların böhrandan çıxmaq cəhdləri nəticə vermədi.
Ancaq pandemiyanın bank sektoruna təsirini qəbul etməmək də mümkünsüzdür. Çünki rəsmi statistik məlumatlar və bankların hesabatları devalvasiya fəsadlarından yenicə qurtulmuş bank sektorunun yeni çətinliklərlə üzləşdiyini göstərir. Xüsusilə də 2018-2019-cü illərdə bank sektorunda müşahidə edilən müsbət tendensiyanın 2020-ci ildə yenidən mənfiyə keçməsi nəzərə alınmalıdır.
2015-ci il devalvasiyasından yenicə özünə gəlmiş banklar 2018-ci ildən başlayaraq kredit aktivliyini artırdılar və hətta 2018-2019-cu illərdə ümumilikdə kredit qoyuluşunu 36,4% artırmağa nail oldular. Ancaq növbəti il kredit qoyuluşunda yenidən geriləmə özünü göstərməyə başladı. Mərkəzi Bankın məlumatına əsasən, 2020-ci ildə bankların xalis kredit qoyuluşu 3,5% azalaraq 13,7 milyard manatdan 13,3 milyard manata düşüb.
Sərt karantin çərçivəsində kreditləşmənin kəskin azalmasının qarşısını dövlətin dəstək mexanizmi alıb. Nazirlər Kabinetinin 9 iyul 2020-ci il qərarı kreditləşməni dəstəkləyib. Həmin qərarla rəsmiləşən qaydalar sahibkarların banklardan alacaqları kreditlərə dövlət zəmanəti və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verilməsini nəzərdə tutur. Dövlətin dəstək proqramı çərçivəsində banklar 2020-ci ildə 1,2 milyard manat məbləğində krediti restrukturizasiya edib.
2020-ci ildə kredit qoyuluşunun artım tempi qeyri-sabit olub. İlin birinci rübündə, yəni karantinə qədər kredit qoyuluşunda 2,6% artım olduğu halda sərt karantin tədbirlərinin tətbiqi dövrü olan ikinci rübdə 7%-ə qədər azalma baş verib. Yay aylarında yenidən müşahidə edilən nisbi artım (2,3%) sonuncu rübdə azalma (1,1%) ilə əvəzlənib.
Kredit qoyuluşuna əsas dəstək dövlət banklarından gəlib. Dövlət banklarının kredit qoyuluşunun 8,4% artımı fonunda özəl bankların qoyuluşu 7,8% azalıb. Nəticədə ümumi kredit qoyuluşunda dövlət banklarının payı 16,7%-dən 19,1%-ə yüksəlib.
2020-ci ilin mart ayında dünya bazarlarında neftin kəskin ucuzlaşması fonunda manatın devalvasiya ehtimalının artması əhalinin vəsaitlərinin bir hissəsini banklardan çıxartmağa, digər hissəsini dollara transfer etməyə sövq etdi. 4 bankın bağlanması qərarı depozit bazarını ikinci dəfə silkələdi. Bütün silkələnmələrin fonunda ötən il depozit qoyuluşunda azalma cəmi 3,2% civarında oldu.
Əslində il depozit bazarı üçün yaxşı başlamışdı və yanvar-fevral aylarında depozit qoyuluşunda 474,7 milyon manatlıq artım qeydə alınmışdı. Ancaq mart ayında ölkədə yaranmış devalvasiya ajiotajı depozitlərin banklardan geri çəkilməsinə rəvac verdi. Bu xəbər fonunda bankların depozit portfeli mart ayında 981,7 milyon manat, aprel ayında 619,3 milyon manat əridi. Azalma may (26,7 milyon AZN) və iyun (810 milyon AZN) aylarında da davam etdi. Dünya bazarlarında neftin bahalaşması məzənnə sabitliyinə inamın artırdı və bu, depozit bazarında nisbi sakitliyə səbəb oldu. Hətta iyul-avqust aylarında 161,5 milyon manatlıq artım müşahidə edildi. Bu aylarda artımı bağlanmış banklardan alınmış kompensasiyaların yenidən banklara yönəldilməsi ilə əlaqələndirmək olar.
Ancaq Qarabağda döyüşlərin getdiyi dövrə təsadüf edən sentyabr-noyabr aylarında depozitlərin yenidən banklardan qaçışı baş verdi. Bu müddətdə banklardan çıxarılan depozitlərin həcmi 300 milyon manata yaxın olub.
Diqqəti çəkən məqamlardan biri də ötən ilin son ayında – dekabrda depozit qoyuluşunun 6,1% və ya 1,4 milyard manat artmasıdır.
Depozitlərin strukturuna gəlincə, maliyyə institutlarının yatırımlarında 10,6%, əhalinin əmanətlərində 5,5%, hüquqi şəxslərin depozitlərində 1,1% azalma olub. Manatın devalvasiyası ehtimalı və ölkədə dollar satışına qoyulan məhdudiyyətlər depozitlərin valyuta tərkibinə neqativ təsir göstərə bilməyib. Valyuta bazarında yaranmış qısamüddətli gərginliyə rəğmən ümumi depozitlərdə milli valyutanın payı 2020-ci ildə artaraq 39%-dən 43,6%-ə yüksəlib.
Pandemiya dövründə bank sektorunda diqqəti çəkən məqamlardan biri də təmərküzləşmənin artmasıdır. Təmərküzləşmə həm bank aktivlərində, həm kredit qoyuluşunda, həm də depozit cəlbində artıb.
Ötən il bankların ümumi aktivlərinin həcmi 2% azalıb, təmərküzləşməsi isə artıb. Ölkənin 5 ən böyük bankının bazar payı 67,2%-dən 72%-ə yüksəlib. Bu, son illərin ən yüksək göstəricisidir.
Depozit qoyuluşunda təmərküzləşmə səviyyəsi 67,8%-dən 71,8%-ə yüksəlib. Ümumi depozit qoyuluşunun azalması fonunda iri banklarda depozit artımı təmərküzləşməni gücləndirib.
Kredit qoyuluşu üzrə təmərküzləşmə səviyyəsi 61,4%-dən 67,3%-ə yüksəlib. Ölkə üzrə kredit qoyuluşunun azalmasına rəğmən 5 ən böyük bankın kredit qoyuluşu 422 milyon manat artıb və bu onların bazar payını artırıb.
Detallara gedəndə görmək olur ki, ötən il bank sektorunda müsbət meyillər də az deyil: banklar kapitalı 2,5% artıb, filial şəbəkələri 439-dan 455-ə yüksəlib, işçilərin sayı 18391-dən 18708-ə artıb… Əlbəttə, bu meyillərin məhz bankların fəaliyyətindən qaynaqlandığını görmək xoşdur. Ancaq təhlil edəndə görürsən ki, bəzən bu meyillər dövlətin dəstəyi hesabına yaranır. Məsələn, bankların xalis mənfəəti əvvəlki illə müqayisədə 5,8% artıb. Halbuki bu müddətdə cəmi 7 bankın xalis mənfəəti artıb, bir bank isə sadəcə zərərini azalda bilib. 18 bankın xalis mənfəətində isə azalma qeydə alınıb.
Xalis mənfəətin artmasının səbəbi aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatın həcminin əhəmiyyətli dərəcədə azalması (60%) olub. Çünki 2019-cu illə müqayisədə bankların əməliyyat mənfəəti 5,3% azalıb. Xüsusi ehtiyatların həcminin azalması isə dövlətin dəstək planı nəticəsində kreditlərin restrukturizasiyası və aktivlərin təsnifləşdirilməsi tələblərinin nisbətən yumşaldılması ilə bağlıdır”.