Azərbaycanın Qarabağ bölgəsində atəşkəsə məsul olan Rusiya Ordusu bölmələri mayın 9-da təntənəli yürüş keçirməyə hazırlaşır. Alman faşizmi üzərində 1945-ci il mayın 9-da əldə olunmuş qələbəyə həsr edilən yürüşün Xankəndi şəhərində təşkil olunacağı açıqlanıb.
Novator.az-ın məlumatına görə, bir qrup ictimai-siyasi xadimi birləşdirən Qarabağ Komitəsi bu tədbiri yolverilməz sayır. Qurumun 30 aprel iclasındakı müzakirələrə dair rəsmi açıqlamasında qeyd olunur ki, Qarabağ Komitəsi Rusiya sülhməramlılarının öz dislokasiya yerlərindən kənarda, Xankəndi şəhərində hərbi parad tipli tədbir keçirmək niyyətini təxribat kimi qiymətləndirir və bununla əlaqədar Azərbaycan dövlət qurumlarının susqunluğunu qətiyyən qəbul etmir. Bu kimi tədbir açıq-aşkar işğalçılıq aktı kimi qəbul olunmalı və müvafiq addımlar atılmalıdır.
Qarabağ Komitəsi Rusiya hərbçilərinin Xankəndidə və ətraf ərazilərdəki fəaliyyətini sürünən təcavüz kimi qiymətləndirir və bölgədə Azərbaycanın suveren hüquqlarının təmin olunmasının yeganə şərti kimi ərazidə Türkiyənin silahlı qüvvələrinin yerləşdirilməsini və tamhüquqlu statusla bu proseslərdə iştirak etməsini vacib sayır”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, ərazidə özünü müstəqil dövlət sayan Dağlıq Qarabağ rejimi qurulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Dağlıq Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Bu kontingentin odlu silahlarla silahlanmış 1960 hərbi qulluqçudan, 90 hərbi zirehli texnikadan, 380 ədəd avtomobildən və xüsusi texnikadan ibarət, bölgədə qalma müddətinin 5 il olduğu açıqlanıb.
Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.
2021-ci il yanvarın 30-u Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb. Qurum atəşkəsə nəzarət edir.