Mayın 3-ü Ermənistan parlamentində formal baş nazir seçkisi keçirilib. Novator.az-ın məlumatına görə, parlament çoxluğu indiki hökumət başçısı Nikol Paşinyanı namizəd göstərib, amma səsverməyə qatılan deputatların böyük əksəriyyəti bitərəf qalıb.
İkinci formal seçki mayın 10-na təyin olunub.
Ermənistan növbədənkənar parlament seçkisinə gedir. İlk addım kimi aprelin 25-də baş nazir Nikol Paşinyan və hökuməti istefaya gedib.
Ölkə konstitusiyasına əsasən, baş nazir istefa verdikdən sonra parlament iki həftə ərzində hökumətin yeni başçısını seçməlidir. Əks halda qanunverici orqan buraxılır, növbədənkənar parlament seçkisinə gedilir, hökumət səlahiyyətlərinin icrasını davam etdirir.
Parlament seçkisinin iyunun 20-də keçirilməsi gözlənir.
Hazırda Nikol Paşinyan, onun müavinləri, nazirlər və başqa hökumət üzvləri səlahiyyətlərin icraçısı sayılır.
1975-ci il təvəllüdlü Nikol Paşinyan 2012-ci ilin parlament seçkisinə Erməni Milli Konqresindən qatılaraq deputat mandatı alıb.
Əsası 2013-cü ildə qoyulmuş Vətəndaş Sazişi Partiyasının lideridir. 2017-ci ilin parlament seçkisində Vətəndaş Sazişi Partiyası daha iki partiya ilə birgə blok yaradıb. Blok parlamentə 9 mandat qazanıb.
2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib.
Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib. Həmin il oktyabrın 16-da Nikol Paşinyan istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində qələbədən sonra, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb. Əksəriyyəti Vətəndaş Sazişi Partiyasının üzvü olan hakim “Mənim addımım” blokunun 132 nəfərlik parlamentdə 82 mandatı var.
2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefası tələbi irəli sürür. Növbədənkənar seçki niyyəti bu fonda yaranıb. Qanunverici orqanda təmsil olunan müxalif qurumlar – Çiçəklənən Ermənistan (23 mandat) və İşıqlı Ermənistan (17 mandat) partiyaları parlamentin buraxılması üzrə razılaşmada baş nazir postuna namizəd irəli sürməmək öhdəliyi götürüblər.
20 iyun seçkisi partiya siyahıları – tam proporsional sistem əsasında təşkil olunmalıdır. Qanunverici orqana düşmək üçün partiyalar azı 5%, bloklar azı 7% səs toplamalıdır.