Hüquqşünas, dövlət xadimi, diplomat Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Qərar aprelin 30-da Binəqədi Rayon Məhkəməsində çıxarılıb.
Vəkil Cavad Cavadov “Turan” agentliyinə deyib ki, Eldar Həsənov sağlamlıq durumu ilə bağlı iclasda iştirakdan imtina edib.
Binəqədi məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.
Eldar Həsənov səkkiz aydan çoxdur həbsdə saxlanır.
Vəkillər aprelin 14-də prezident İlham Əliyevə müraciət ediblər. Müraciətdə qeyd olunub ki, Eldar Həsənovun səhhəti ciddi formada ağırlaşıb, onun həyatı təhlükədədir: “İki aya yaxındır müayinə və tibbi yardım üçün müxtəlif xəstəxanalardan ixtisaslaşmış həkimlərin istintaq təcridxanasına dəvət olunması barədə verilmiş vəsatətlər, müraciətlər konstitusiyaya, humanizm prinsiplərinə, beynəlxalq hüququn normalarına zidd olaraq nəticəsiz qalıb.
Həmçinin son altı ay ərzində dəfələrlə Eldar Həsənovun Bakı şəhərində ixtisaslaşmış xəstəxanalarda əməliyyat olunmasına dair verilmiş vəsatətlər, şikayətlər heç bir qanuni əsas gətirilmədən rədd edilib.
Son altı ildə yeddi ağır cərrahi əməliyyat keçirən, hazırda onurğa problemlərindən iflic ərəfəsində olan, dəhşətli ağrılar keçirən, davamlı ürək ağrıları ilə müşayiət olunan şəkərli diabetdən əziyyət çəkən Eldar Həsənov istintaq qrupunun bu cür qeyri-insani münasibətini səhhətinə, sağlamlığına, yaşamaq hüququna yönəlmiş qəsd kimi qiymətləndirir”.
14 aprel müraciəti nəticə vermədiyinə görə vəkillər Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutublar. Avropa Məhkəməsinə müraciətdə Eldar Həsənovun özəl tibbi klinikalarda müayinədən keçməsi, müayinə üçün özünün seçdiyi həkimlərin dəvət olunması və həkimlərin hələ onun həbsindən qabaq planlaşdırdığı əməliyyatların reallaşdırılması üçün qərar qəbul edilməsi xahiş olunub.
Artıq Avropa Məhkəməsi müraciəti araşdırmağa başlayıb və Azərbaycan hökumətinə sorğular göndərib. Məhkəmə sorğuların qısa müddətdə cavablandırılmasını tələb edib.
1955-ci il oktyabrın 10-da Kəlbəcər rayonunun Laçın kəndində doğulan Eldar Həsənov indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.
1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, bir neçə məmur cinayət məsuliyyətinə alınıb.
İyulun 16-da prezident İlham Əliyev xarici işlər naziri olan Elmar Məmmədyarovu vəzifədən azad edib, Ceyhun Bayramov xarici işlər naziri təyin olunub.
Avqustun 13-də açıqlama yayan Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov şübhəli şəxs qismində tutulub.
Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə ittihamları irəli sürülüb.
Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsindən azad edib.
Avqustun 24-də bəyan olunub ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.
Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır.
Xarici İşlər Nazirliyinin ittiham olunan əməkdaşları ev dustaqlığına buraxılsa da, Eldar Həsənovun həbsdən çıxmaq üçün müraciətləri nəticəsiz qalıb.
Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olub.
Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi
Eldar Həsənovun səhhəti yaxşı deyil
“Mənim düşmənim yoxdur, ermənidən başqa”
Eldar Həsənov qərarı dəyişirmi?
Ziyalıların prezidentə müraciəti
Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”
Gənclərin prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun vəkili nələr deyir?
Eldar Həsənovun vəkilləri prezidentə üz tutub
Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib