Açıq Hökumət Tərəfdaşlığı (AHT) beynəlxalq platformasının rəhbəri adından Azərbaycan hökumətinə məktub göndərilib. Məktubda Azərbaycanın AHT-dəki statusu xatırladılır, həmçinin öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanır.
Xəbəri yayan vətəndaş cəmiyyəti eksperti Samir Əliyev bildirir ki, beynəlxalq platformanın Rəhbər Komitəsinin 5-6 dekabr 2018-ci il iclasında Azərbaycana üzvlüyün bərpası üçün daha bir möhlət verilib, müvafiq qətnamədə bir sıra tövsiyələr öz əksini tapıb: “Qətnaməyə görə, açıq hökumətin təşviqinə dair yeni milli fəaliyyət planı (MFP) 2021-ci il avqust ayının 31-də bitməlidir. Bundan sonra 2022-ci ildə müstəqil qiymətləndirmə mexanizmi vasitəsilə MFP-nin icra vəziyyəti qiymətləndiriləcək. Yalnız ondan sonra Azərbaycanın statusuna baxılacaq, ya onun aktiv statusu bərpa ediləcək, ya da ölkə ümumiyyətdə platformadan kənarlaşdırılacaq.
Platformanın diqqət yetirdiyi əsas sahə vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlıdır və 2016-cı ildə ölkənin statusunun qeyri-aktiv statusa endirilməsində bu amil həlledici rol oynayıb. Yeni MFP-də öhdəliklər pis-yaxşı icra edilir, ancaq vətəndaş cəmiyyətinin fəaliyyətinin bərpası istiqamətində, təəssüf ki, heç bir addım atılmayıb. Bunun üçün hökumətin avqustun sonuna qədər vaxtı qalıb. Əgər hökumət ölkənin beynəlxalq təşkilatlarda təmsilçiliyində maraqlıdırsa, təcili olaraq bu addım atılmalıdır”.
Novator.az bildirir ki, 2011-ci ildə BMT Baş Assambleyasında elan olunan Açıq Hökumət Tərəfdaşlığı hökumətin vətəndaşlar qarşısında şəffaflığın təşviqi, vətəndaşlara daha böyük səlahiyyətlərin verilməsi, korrupsiya ilə mübarizə və idarəetmənin gücləndirilməsi üçün yeni texnologiyaların tətbiqi istiqamətində öhdəliklər götürdüyü könüllü beynəlxalq təşəbbüsdür. İştirakçı ölkələrin hər birinin fəaliyyətinə iki ildən bir qiymət verilir.
Azərbaycanın açıq hökumətin təşviqinə dair ilk milli fəaliyyət planı 2012-2015-ci illəri, ikinci milli fəaliyyət planı 2016-2018-ci illəri əhatə edib.
2020-2022-ci illəri əhatə edən üçüncü milli fəaliyyət planında bu istiqamətlər üzrə tədbirlər yer alır: korrupsiyanın qarşısının alınması və dövlət orqanlarının fəaliyyətində şəffaflığın gücləndirilməsi; maliyyə şəffaflığının təmin edilməsi; cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə; dövlət xidmətlərinin təkmilləşdirilməsi; vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin genişləndirilməsi, ictimai nəzarətin və ictimai iştirakçılığın artırılması; informasiya əldə edilməsinin təmin olunması; yerli özünüidarəetmədə hesabatlılığın, aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi; özəl sektorda şəffaflığın və məsuliyyətin artırılması; əhaliyə göstərilən kommunal xidmətlərdə şəffaflığın, hesabatlılığın və müştəri məmnunluğunun artırılması.