Koronavirusdan sağalan adamların yoluxmadan sonrakı 6 ay ərzində ölüm riski bu virusa yoluxmamış adamlarla müqayisədə 60 faiz çoxdur. Bu, koronaviruslu hər 1000 pasiyent arasında ölənlərin sayına altı ay ərzində daha 8 nəfərin əlavə olunması deməkdir.
Novator.az-ın məlumatına görə, bunu ABŞ-da aparılan yeni araşdırma üzə çıxarıb.
Araşdırmanın nəticəsi Böyük Britanyanın “Nature” elm jurnalında dərc edilib.
Tədqiqatın aparıcı müəllifi Ziyad əl-Əlidir. O, ABŞ-ın Vaşinqton Universitetinin Sent-Luis şəhərində yerləşən Kliniki Epidemiologiya Mərkəzinin direktoru, eyni zamanda ABŞ-ın Veteranlarla İşlər Nazirliyinin Sent-Luisdəki Tədqiqat və Maarifləndirmə Xidmətinin rəhbəridir.
Tədqiqat zamanı Əli və onun başçılıq etdiyi qrup Veteranlarla İşlər Nazirliyinin elektron sağlamlığa aid məlumat bazasından istifadə edib.
Araşdırmada COVİD-19-a yoluxmuş və ən azı ilk 30 gündə sağ qalmış 88 mindən çox adamın xəstəlik tarixçəsi təhlil olunub. Onların əksəri – 88 faizi kişidir.
Xəstəlik tarixçəsi araşdırılan 88 mindən çox adamın 74 min 435 nəfəri COVİD-19 diaqnozu qoyulandan sonra evdə müalicə alan, 13 min 654 nəfəri isə xəstəxanya yerləşdirilən pasiyentlər olub.
Bundan başqa araşdırma zamanı COVİD-19-a yoluxmayan 5 milyona yaxın adamın sağlamlıq durumu təhlil edilib. Onlardan 13 min 997 nəfəri qrip diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslər olub.
Nəticələr göstərib ki, koronavirus xəstəliyini yüngül keçirib evdə müalicə alan adamların da səhhətində aylar sonra problemlər meydana çıxa, tənəffüs yolları, sinir sistemi, ürək-damar, mədə-bağırsaq xəstəlikləri yarana, həzm prosesi pozula, həmçinin ümumi zəiflik ola bilər.
Koronavirus xəstəliyini ağır keçirənlərin isə növbəti aylarda problemləri daha çox ola bilər: onlarda başqa xəstəliklərin güclənməsi, hətta ölüm riskinin yaranması təhlükəsi var.
Araşdırma zamanı bəlli olub ki, koronavirus xəstəliyini ağır keçirən, xəstəxanada müalicə alan və xəstəliyin ilk 30 günü sağ qalan hər 1000 pasiyent arasında növbəti 6 ay ərzində daha 29 ölüm hadisəsi baş verib. Bu, qrip diaqnozu ilə xəstəxanada yatmış pasiyentlərlə müqayisədə ölüm riskinin 50 faiz çox olması deməkdir.
Tədqiqatın nəticələri barədə İsrailin “Yerusəlim Post” qəzetinə açıqlama verən Ziyad Əli deyib ki, koronavirusdan ölənlərin sayına aid statistika əslində real vəziyyəti əks etdirmir: “Çünki statistika koronavirusdan sağalandan sonra ölənləri virusun qurbanı kimi qeydə almır. Halbuki araşdırmalar göstərir ki, sağalandan sonrakı aylarda ölənlərin bəzisi məhz bu virusun törətdiyi fəsadlar üzündən dünyasını dəyişir”.
Ona görə də Ziyad Əli COVİD-19 səbəbindən ölənlərin sayının rəsmi statistikada göstəriləndən daha çox olduğunu vurğulayır. O, rəsmi statistikanı yalnız “aysberqin görünən tərəfi” adlandırır.
Ziyad Əli deyir: “Hətta COVİD-19-u yüngül keçirmiş bəzi insanlarda aylar sonra virusun fəsadı kimi insult və tromb aşkarlana bilər. Düzdür, belə fəsadların baş vermə ehtimalı yüksək deyil, azdır, amma yenə də buna ciddi yanaşmaq lazımdır”.
Ziyad Əli hesab edir ki, uzunmüddətli COVİD fəsadlarının qarşısını almaq üçün ümumiyyətlə COVİD-in qarşısı alınmalıdır. Bunun ən yaxşı yolu isə peyvənd olunmaqdır.
Alim onu da əlavə edib ki, vaksinasiyanın aparıldığı ölkələrdə aktiv xəstə sayı azalsa da, səhiyyə sistemlərinin xəstə axınına daha yaxşı hazırlanmasına ehtiyac var: “Biz bu yükün öhdəsindən gəlmək üçün səhiyyə sistemini necə quracağımızı düşünməliyik. Dünya COVİD-ə hazırlıqsız yaxalandı və bəzi hallarda ona məğlub oldu. Gəlin bundan sonra uzunmüddətli COVİD fəsadlarına məğlub olmayaq”.
Mənbə: Jpost.com