Milli Strateji Düşüncə Mərkəzi bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda 1920-ci ilin 27-28 aprelində Rusiyanın Azərbaycanı yenidən işğal etdiyi xatırladılır: “Azərbaycan Cümhuriyyətinin süqutuna, yüz minlərlə vətəndaşımızın məhvinə, ərazilərimizin parça-parça dövlətimizdən qoparılmasına, ölkəmizin çağdaş dünyadan təcridinə, dilimizə, dinimizə, mədəniyyətimizə, milli kimliyimizə dəhşətli zərbələr vurulmasına gətirib çıxarmış bu işğal tariximizdə ilk olmadığı kimi, təəssüf ki, son da olmadı.
Elçibəy və silahdaşları 1991-ci ilin oktyabrında Rəsulzadə və silahdaşlarının qurduğu cümhuriyyəti bərpa etməyə, 1993-cü ilin mayında rus ordusunu ölkəmizdən çıxarmağa nail olsa da, 2020-ci ilin noyabrında rus soldatı yenidən Azərbaycan torpaqlarına soxuldu.
Milli Strateji Düşüncə Mərkəzi Rusiya, Ermənistan və Azərbaycanın 10 noyabr 2020-ci il birgə bəyanatına münasibətində bildirmişdi ki, Rusiya ordusunun “sülhməramlı” adı altında Azərbaycan torpaqlarında – “təmas xəttində” və Laçın yolunda yerləşdirilməsi konstitusiyamızın ruhuna və hərfinə zidd, müstəqilliyimizə təhlükədir.
Ötən müddət bu təhlükənin nə dərəcədə böyük olduğunu aşkarlayıb. 10 noyabr bəyanatında müəyyən edilmiş saydan bir neçə dəfə artıq hərbi texnika və canlı qüvvənin bu ərazidə yerləşdirilməsi, Moskvanın ərazilərdə sülhməramlı missiya əvəzinə tam bir hakimiyyət strukturları yaratması, qanunazidd separatçı rejimi qoruması və onun cinayətkar fəaliyyətinə rəvac verməsi, üçtərəfli bəyanatda konkret şəkildə nəzərdə tutulmasına zidd olaraq torpaqlarımızda erməni silahlı qüvvələrinin fəaliyyətinə imkan verməsi Rusiyanın hədəf və məqsədlərini kifayət qədər ifşa edir.
Hərbi əməliyyatların bitməsindən 6 aya yaxın vaxt keçməsinə baxmayaraq nəinki Rusiyanın nəzarətində olan torpaqlara, hətta öz nəzarətimizdə olan ərazilərə də vətəndaşlarımızın dönüşünün başlamaması, mina xəritələrinin əldə edilməməsi, Naxçıvan yolu proyektinin ləngiməsi kimi problemlərin yalnız obyektiv səbəblərlə izahı inandırıcı görünmür. Bu problemlərin mövcudluğunda da Rusiya faktoru açıq-aydın ortadadır.
Rəsmi Moskvanın Şuşaya atılmış Rusiya mənşəli “İskəndər-M” raketləri haqda suallara cavab verməkdən yayınması, Azərbaycan torpaqlarında hərbi parad keçirməyə hazırlaşması, ölkəmizi milli maraqlarımıza uyğun olmayan Moskva mərkəzli Avrasiya ittifaqlarına cəlb etməyə israrla davam etməsi də nəzərə alınsa, vəziyyətin ciddiliyi şübhəsizdir.
Milli Strateji Düşüncə Mərkəzi hesab edir ki, Azərbaycan dövləti bu təhlükənin miqyasını dəqiq qiymətləndirməli, Rusiya dövlətinin işğalçı mahiyyəti və Rusiya hakim rejiminin işğalçı siyasətinə adekvat mövqe formalaşdırmalı, “sülhməramlı” adı altında fəaliyyət göstərən işğalçı ordunun ən qısa müddətdə ölkəmizdən çıxarılmasına yönələn konseptual yanaşma müəyyənləşdirməlidir.
Azərbaycan hakimiyyəti konkret suallara Rusiyadan daha təkidlə cavab istəməli, əldə edilmiş razılıqlara tam əməl etməsini, Azərbaycanın suverenliyinə hörmətlə yanaşmasını, provokasiya xarakterli tədbirlərə son qoymasını qətiyyətlə tələb etməlidir”.
Milli Strateji Düşüncə Mərkəzinə siyasətçi İsa Qəmbər sədrlik edir. O, Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. 1992-1993-cü illərdə Milli Məclisin sədri postunu tutub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı olub.
Qurumda siyasətçilər Arif Hacılı, Vaqif Hacıbəyli, Arzu Səmədbəyli, müxtəlif sahələr üzrə ekspertlər, o cümlədən politoloq Leyla Əliyeva, sosioloq Rüfət Qaragözlü, dilçi və siyasətşünas alim Arif Rəhimoğlu, yazıçı Mehriban Vəzir və başqa şəxslər təmsil olunurlar.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, ərazidə özünü müstəqil dövlət sayan Dağlıq Qarabağ rejimi qurulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Dağlıq Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Bu kontingentin odlu silahlarla silahlanmış 1960 hərbi qulluqçudan, 90 hərbi zirehli texnikadan, 380 ədəd avtomobildən və xüsusi texnikadan ibarət, bölgədə qalma müddətinin 5 il olduğu açıqlanıb.
Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.