Nazirlər Kabineti Azərbaycanda aşkarlanan kimyəvi silahların məhv edilməsi qaydasını təsdiqləyib.
Novator.az bildirir ki, 2020-ci ilin iyun ayında rəsmiləşən qanuna əsasən, kimyəvi silahın hazırlanması, istehsalı, əldə olunması, saxlanması, artırılması (yığılması), yaxud birbaşa və ya dolayı yolla onun başqa şəxslərə verilməsi; kimyəvi silahın tətbiqi; kimyəvi silahın tətbiq edilməsi ilə bağlı hərbi hazırlıq keçirmək və ya hər hansı hərbi hazırlıqda iştirak etmək; qadağan olunan fəaliyyət növünü həyata keçirmək məqsədilə hər hansı bir yolla başqa şəxslərə kömək etmək və ya onları təhrik etmək; ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulmasına qarşı istifadə olunan kimyəvi vasitələrdən müharibənin aparılması vasitəsi kimi istifadə etmək yasaqdır.
Qadağa siyahısında “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” konvensiya ilə rəsmiləşmiş kimyəvi maddələrin konvensiyanın iştirakçısı olan dövlətə ixracı və ya bu dövlətdən idxalı, həmçinin bu dövlətin ərazisindən tranziti də var.
Bu sahədə nəzarət Dövlət Təhlükəsizliyi Xidmətinin tərkibində fəaliyyət göstərən Milli İnspeksiya Qrupuna həvalə olunub.
Nazirlər Kabinetinin 27 aprel 2021-ci ildə təsdiqlədiyi qaydaya görə, Milli İnspeksiya Qrupu kimyəvi silah aşkar olunduğu və ya aşkar olunması barədə bilgi alındığı andan 3 gün müddətində Kimyəvi Silahları Məhvetmə Komissiyasına məlumat verir. Dövlət Təhlükəsizliyi Xidməti Fövqəladə Hallar Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin təmsilçilərindən və öz nümayəndələrindən ibarət tərkibdə komissiya formalaşdırır. Komissiya kimyəvi silahın məhv edilməsi ilə bağlı plan hazırlayıb surətini Milli İnspeksiya Qrupuna göndərir.
Milli İnspeksiya Qrupu planın surətini aldıqdan sonra həmin sənədi və digər məlumatları Kimyəvi Silahın Qadağan Edilməsi üzrə Təşkilata təqdim edilməsi üçün Xarici İşlər Nazirliyinə göndərir. Kimyəvi silahın məhvə qədər saxlanmasına Milli İnspeksiya Qrupu nəzarət edir. Kimyəvi silahın plana uyğun məhv edilməsinə razılıq məlumatı daxil olduqdan sonra 5 gün müddətində kimyəvi silahın məhv edilməsi barədə qərar çıxarılır.