Aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun həbsi ilə bağlı məlumat yayıb. Qeyd olunur ki, Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin külli miqdarda dövlət əmlakını ələ keçirməsi, vətəndaşların hüquqlarına zərər vurması bilgiləri əsasında kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib: “Məmmədov Alimpaşa Adil oğlunun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Çinarlı bələdiyyəsinin təsis etdiyi, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adilzadə Adil və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə 40 manata satılmasını, Şəmkir şəhər bələdiyyəsinin təsis etdiyi, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə 180 manata satılmasını təmin edib xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr üzə çıxıb.
Məmmədovun Şəmkirdə abadlıq işlərinin görülməsi ilə bağlı “Ağstafasutikinti” MMC-nin hesabına köçürülmüş 218 min manat külli miqdarda pul vəsaitini nağdlaşdıraraq təkrar mənimsəmə yolu ilə ələ keçirməsinə, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsilə rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.
Onun həmçinin rayon icra hakimiyyəti başçısının ərazi icra nümayəndələri və digər yerli dövlət təsisatlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında 3 min-10 min manat məbləğində pul vəsaitləri tələb edərək almasına dair əldə edilmiş məlumatlar üzrə araşdırma aparılır. Eləcə də mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədlə 832 min manat vəsaitin oğlu Adil Adilzadənin adına təsis etdiyi “Az Forel” MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr var.
Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
Alimpaşa Məmmədov mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma ittihamları ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib”.
Alimpaşa Məmmədov aprelin 26-da tutulub, aprelin 27-də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, 8 oktyabr 2014-cü ildən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı idi.
Novator.az xatırladır ki, 2019-cu ilin dekabr ayında Ağstafanın icra başçısı və Yevlaxın sabiq icra başçısı, 2020-ci ilin fevral ayında Neftçalanın icra başçısı, aprel ayında Biləsuvarın icra başçısı, may ayında İmişlinin icra başçısı, avqust ayında Kürdəmirin icra başçısı, dekabr ayında Cəlilabadın icra başçısı həbs edilib.