Prokurorluq və prokurorluq orqanlarında qulluq keçmə qanunlarında yeniliklər aprelin 27-də parlamentin son oxunuşundan keçib.
Novator.az bildirir ki, “Prokurorluq haqqında” qanunda dəyişikliyə görə, bu vəsaitlər Azərbaycan Prokurorluğunun xəzinə hesabına köçürülür: prokurorluq orqanlarında istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi; prokurorluq orqanlarında istintaq olunan cinayət işləri üzrə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi; prokurorun baxılması üçün məhkəməyə göndərdiyi inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizi.
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna gəlincə, prokurorluqda stajorluq və sınaq keçməni tənzimləyən maddə yeni redaksiyada verilir: “İlk dəfə prokurorluğa qulluğa qəbul edilən şəxslər üçün 6 aylıq stajorluq müddəti müəyyən edilir. Baş prokuror hüquqşünas ixtisası üzrə 5 ildən artıq iş təcrübəsi olan işçini stajorluq müddətindən azad edə bilər. Stajorluq müddəti bitdikdən sonra stajorun qulluq etdiyi prokurorluq orqanının rəhbəri müsbət rəy verərsə, stajor 3 aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilir. Rəy mənfi olarsa, stajor attestasiyadan keçirilir. Attestasiyanın nəticəsindən asılı olaraq stajorun 3 aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunur”.
Rütbələrin verilməsi qaydasında yeniliyə əsasən, prokurorluq işçisinə vaxtından əvvəl rütbə onun daşıdığı rütbədə olma müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər.
Prokurorluq işçilərinin sosial müdafiəsi maddəsi də dəyişir. Yeniliyə görə, prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə pul kompensasiyası ödənir.
Başqa bir dəyişiklik prokurorluq işçilərinə hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə verilməsini nəzərdə tutur.
Nazirlər Kabinetinin təsdiqlədiyi qaydaya əsasən, prokurorluq işçilərinə və onların ailə üzvlərinə qulluq keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası hər ay bu məbləğdə ödənir:
Bakı şəhərində – 150 manat;
Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat;
başqa şəhər və rayon mərkəzlərində – 75 manat;
digər yaşayış məntəqələrində – 55 manat.
İşçiyə onun hər bir ailə üzvünə görə müvafiq kompensasiyaların 50 faizi məbləğində əlavə pul kompensasiyası düşür.