Ermənistan növbədənkənar parlament seçkisi mərhələsinə keçmək üzrədir. İlk addım kimi aprelin 25-də baş nazir Nikol Paşinyan və hökuməti istefaya gedib.
Ölkə konstitusiyasına əsasən, baş nazir istefa verdikdən sonra parlament iki həftə ərzində hökumətin yeni başçısını seçməlidir. Əks halda qanunverici orqan buraxılır, növbədənkənar parlament seçkisinə gedilir, hökumət səlahiyyətlərinin icrasını davam etdirir.
Parlament seçkisinin iyunun 20-də keçirilməsi gözlənir.
Novator.az bildirir ki, hazırda Nikol Paşinyan baş nazir səlahiyyətlərinin icraçısı sayılır.
Tiqran Avinyan və Mger Qriqoryan baş nazirin müavini, Ara Ayvazyan xarici işlər naziri, Vaqarşak Arutyunyan müdafiə naziri, Rustam Badasyan ədliyyə naziri, Andranik Piloyan fövqəladə hallar naziri, Vaan Kerobyan iqtisadiyyat naziri, Atom Cancuqazyan maliyyə naziri, Ayk Çobanyan yüksək texnologiyalar sənayesi naziri, Suren Papikyan ərazi idarəçiliyi və infrastruktur naziri, Anait Avanesyan səhiyyə naziri, Vaqram Dumanyan elm, təhsil, mədəniyyət və idman naziri, Romanos Petrosyan ətraf mühit naziri səlahiyyətlərini icra edirlər.
Əmək və sosial məsələlər naziri postu boşdur.
Hökumətdə bu qurumlar birbaşa baş nazirə tabedir: Dövlət Nəzarəti Xidməti, Milli Təhlükəsizlik Xidməti, Ermənistan Polisi.
Nazirlər Kabinetinin nəzdində bu komitələr yer alır: Şəhərsalma Komitəsi, Dövlət Gəlirləri Komitəsi, Statistika Komitəsi, Kadastr Komitəsi, Nüvə Təhlükəsizliyi Komitəsi.
Hökumətə tabe olan müfəttişliklər bunlardır: Şəhərsalma, Texniki Təhlükəsizlik və Yanğın Təhlükəsizliyi Müfəttişliyi, Təhsil Müfəttişliyi, Təbiəti və Yerin Təkini Mühafizə Müfəttişliyi, Səhiyyə və Əmək Müfəttişliyi, Bazara Nəzarət Müfəttişliyi, Ərzaq Təhlükəsizliyi Müfəttişliyi.
1975-ci il təvəllüdlü Nikol Paşinyan 2012-ci ilin parlament seçkisinə Erməni Milli Konqresindən qatılaraq deputat mandatı alıb.
Əsası 2013-cü ildə qoyulmuş Vətəndaş Sazişi Partiyasının lideridir. 2017-ci ilin parlament seçkisində Vətəndaş Sazişi Partiyası daha iki partiya ilə birgə blok yaradıb. Blok parlamentə 9 mandat qazanıb.
2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib.
Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib. Həmin il oktyabrın 16-da Nikol Paşinyan istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində qələbədən sonra, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb. Əksəriyyəti Vətəndaş Sazişi Partiyasının üzvü olan hakim “Mənim addımım” blokunun 132 nəfərlik parlamentdə 82 mandatı var.
2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefası tələbi irəli sürür. Növbədənkənar seçki niyyəti bu fonda yaranıb.
20 iyun seçkisi partiya siyahıları – tam proporsional sistem əsasında təşkil olunmalıdır. Qanunverici orqana düşmək üçün partiyalar azı 5%, bloklar azı 7% səs toplamalıdır.