Xətai Rayon Məhkəməsi aprelin 28-də AXCP üzvü Səid Məmmədzadəyə (Bakuvi) 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. 2020-ci il mayın 16-sı Bakıda tutulan, iyulun 20-də ev dustaqlığına buraxılan cəbhəçi silahdan istifadə etməklə xuliqanlıqda təqsirli bilinib.
Səid Məmmədzadə bıçaqla xəsarət yetirməkdə ittiham olunub, istintaq xuliqanlıq – silahdan istifadə etməklə zor tətbiqi motivi ilə aparılıb. Bu ittiham iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Novator.az bildirir ki, həbsdə başqa AXCP üzvləri də var.
Aqil Məhərrəmov 2018-ci il mayın 25-də tutulub. Xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasında təqsirli bilinən cəbhəçi 4 il həbs cəzası alıb.
İttihama görə, 1992-1993-cü illərdə – Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, 1997-ci ildən Rusiyada yaşayan iş adamı Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, Aqil Məhərrəmov və digər şəxslər bu işdə ona yardımçı olublar.
2018-ci ilin mayın 8-də tutulan Saleh Rüstəmov 7 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Cəbhəçi Ruslan Nəsirov bu iş üzrə 6 il 8 aylıq şərti həbs cəzası çəkir.
2019-cu il oktyabrın 15-də tutulan Paşa Umudov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəbhəçi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib.
2020-ci il aprelin 20-də Zamin Salayev böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Üstündə cinayət işi olan AXCP üzvlərindən Niyaməddin Əhmədov da həbsdədir. O, 2020-ci il aprelin 16-sı tutularaq 30 sutka inzibati həbsə məhkum edilib. İnzibati həbs cəzası başa çatandan sonra Niyaməddin Əhmədov cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlarda ittiham olunur.
Hazırda Səbail Rayon Məhkəməsi Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınan şəxslərin işi üzrə proses aparır.
2020-ci il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu və 1 mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı xəsarət alıb, xidməti avtomobillərə, ərazinin yol infrastrukturuna, Milli Məclisin birinci mərtəbəsində mülkiyyətə və inventara ziyan dəyib.
Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.
37 təqsirləndirilən şəxsin 36-sı bir müddət həbsdə saxlanıb. 2020-ci il noyabrın 16-da Səbail Rayon Məhkəməsi 21 nəfəri, dekabrın 7-də 15 nəfəri ev dustaqlığına buraxıb.
Ev dustağı olan şəxslərin 15-i AXCP üzvüdür: Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, İsmayıl Həsənov, Ayaz Məhərrəmov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Müşviq Quliyev, Ramid Nağıyev, Gündüz Mirzəyev, Elnur Cabbarov.
Cəbhəçi Elvin Məmmədov polisin nəzarətindədir.
AXCP fəalı Ruslan Əmirov sonradan cinayət məsuliyyətinə alınıb. 2020-ci il oktyabrın 10-da polis nəzarətinə verilən cəbhəçinin işi ayrıca icraata ayrılıb. İşə Səbail Rayon Məhkəməsi baxır.
2020-ci il aprelin 13-də jurnalist Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. İyunun 19-da ona 1 il azadlığın məhdudlaşdırılması cəzası kəsilib. Cəbhəçi 2020-ci il fevralın 26-sı Bakının Xətai rayonunda, Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət mərasimində hakimiyyət tərəfdarı olan fəal Ata Abdullayevə xəsarət yetirməkdə təqsirli bilinib. Təzəxan Mirələmlinin cəzası 2021-ci il yanvarın 7-dən hesablanır.