NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Çexiyanın iHNed.cz saytına müsahibəsində Çexiya-Rusiya münasibətlərindən danışıb.
Son vaxtlar Çexiya ilə Rusiya arasında vəziyyət gərginləşib. Səbəb Çexiyanın 2014-cü ildə bu ölkənin Vrbetise şəhərindəki silah anbarında baş verən, iki nəfərin ölümü ilə nəticələnən partlayışı Rusiyanın törətdiyini bəyan etməsidir. Çexiya bu bəyanatdan sonra 18 rus diplomatı ölkədən qovub. Rusiya cavab olaraq 20 çexiyalı diplomatı ölkədən çıxarıb.
Novator.az-ın məlumatına görə, Anders Foq Rasmussen də müsahibəsində Vrbetise hadisəsində Rusiya izini gördüyünü vurğulayıb: “Ukraynada, Gürcüstanda müharibələr, Qərbdəki seçkilər zamanı yağdırılan dezinformasiyalar, Danimarkaya kiberhücum, Böyük Britaniyada kimyəvi silahın işə salınması… İndi də Çexiyada baş verənlər… Rusiya prezidenti Vladimir Putin azad dünyanı dağıdıb parçalamaq istəyir. Putin budur – o, demokratiyanı öz kleptokratiyasına təhlükə kimi görür. Məhz bu səbəbdən Aleksey Navalnı hələ də Rusiya həbsxanasında ağır durumdadır”.
Anders Foq Rasmussenin sözlərinə görə, Vrbetise insidenti elə ciddi məsələdir ki, Çexiya buna görə NATO-dan yardım istəyə, alyansın müdaxiləsini tələb edə bilər: “Qaydaya görə, alyans üzvlərindən hər hansı birinin əraz bütövlüyünə ciddi təhlükə yaranarsa, dövlət müstəqilliyi təhlükə altına düşərsə, onda NATO daxilində təcili məsləhətləşmələrə başlanmalıdır”.
Keçmiş baş katib hesab edir ki, NATO və Avropa Birliyi Rusiya prezidenti Vladimir Putinə və onun yaxın tərəfdarlarına yeni sanksiyalar tətbiq etməlidir.
Çexiyaya dəstək vermək üçün NATO üzvü olan digər ölkələrin də rusiyalı diplomatları qovub-qovmayacağı məsələsi barədə suala cavabında Anders Foq Rasmussen deyib: “Düşünürəm ki, bütün azad dünya birinin başqasına hücumunu hamıya edilən hücum kimi qiymətləndirməlidir. Belə hadisələr Danimarkada, yaxud Fransada da çox asanlıqla baş verə bilər. Biz Rusiyanı cəzalandıra bilməsək, bütün bu hadisələr yenə davam edəcək”.
Rasmussen vurğulayıb ki, Putin zəiflikdən, parçalanmalardan məharətlə istifadə edə bilir: “Ona görə ümid edirəm ki, NATO Vrbetise insidentinə birlikdə cavab vermək üçün bir razılığa gələcək. Alyansın nizamnaməsi Çexiyaya NATO daxilində bu mövzuda məsləhətləşmələrə başlanmasını tələb etmək hüququ verir. Avropa Birliyinin və NATO-nun Putinə və onun dostlarına qarşı yeni sanksiyaları işə salmasının vaxtı yetişib. Almaniyanın da hərəkətə keçməsinin zamanıdır. Məhz belə bir vəziyyətdə Almaniya “Şimal axını-2” layihəsindən imtina etməlidir”.
Mənbə: Zahranicni.ihned.cz