AZƏRTAC prezident İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına 26 aprel səfərindən geniş material yayıb. Xəbərə görə, dövlət başçısı Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışına qatılıb, hərbi qulluqçularla görüşüb və çıxış edib. O deyib ki, 2020-ci ilin Vətən müharibəsində Azərbaycan-İran sərhədinin işğal altında olmuş 132 kilometrlik hissəsi bərpa edilib: “Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlayıb. Bu hərbi hissənin fəaliyyətə başlaması bunun bariz nümunəsidir. Bütün sərhəd boyunca – həm Azərbaycan-İran, həm Azərbaycan-Ermənistan sərhədləri boyunca lazımi işlər aparılır. Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır.
Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri icra edir. Eyni zamanda sərhədçilərimiz hazırda işğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədini də qoruyur. Bu sərhəd də bərpa edilib və sərhəd boyunca bütün lazımi infrastruktur işləri aparılır, bütün texnika səfərbər edilib. Sərhədin uzunluğu 500 kilometrə yaxındır, 30 ilə yaxın müddət ərzində işğalçı qüvvələrin əlində idi. Biz Vətən müharibəsində Qələbə qazanaraq bu sərhədi də tam bərpa etdik, Zəngilan və Qubadlı rayonlarını, Laçın rayonunun bir hissəsini döyüşərək azad etdik. Laçın rayonunun böyük hissəsini və Kəlbəcər rayonunu düşmən məcbur olub bizə qaytarıb. Hazırda o ərazilərdə lazımi işlər aparılır.
Ancaq əfsuslar olsun ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər. Onlara xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi. Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq”.
İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndinə də baş çəkib. Kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçısına məlumat verib ki, birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın Ağalı kəndlərini əhatə edir, layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji.
Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub.
Dövlət başçısı Zəngilan rayonunun sakinləri ilə də bir araya gəlib, sonra Zəngilanın Birinci, İkinci, Üçüncü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoyub.
Zəngilan Beynəlxalq Hava Limanının, Zəngilan-Horadiz avtomobil yolunun təməllərini də qoyan prezident həmçinin Zəngilan məscidində, Mincivan qəsəbəsində olub.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə olunan atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad edilib.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsi qorumağa məsul olan Rusiya Ordusu bölmələrinin nəzarətindədir.
Prezident İlham Əliyev 2020-ci ilin noyabr ayında Füzuli, Cəbrayıl və Ağdamı, dekabr ayında Zəngilan və Qubadlını, 2021-ci ilin yanvarında Füzuli və Şuşanı, fevralında Füzuli, Zəngilan, Laçın və Cəbrayılı, martında Füzuli, Xocavənd və Şuşanı ziyarət edib.