Məhbus Hüseyn Abdullayev Bakıdakı 10 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Novator.az-ın məlumatına görə, vəkil Elçin Sadıqov yazır ki, Hüseyn Abdullayev cəzaçəkmə müəssisəsindən aprelin 22-si axşam təcili tibbi yardım maşını ilə aparılıb, aprelin 24-də müayinə olunub: “Səhhəti çox pisdir. Anası və vəkil Cavad Cavadov aprelin 24-də ona baş çəkiblər. Görüşə güclə gəlib. Bədənindən üç litrdən çox su çıxarılıb. Daxili orqanlarında qanaxma hələ kəsməyib. Həmin gün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə getsəm də, müayinə olunduğunu deyib görüşə şərait yaratmadılar. Hüseyn Abdullayev ölüm təhlükəsi ilə üz-üzədir və təcili olaraq Mərkəzi Klinik Xəstəxanaya yerləşdiliməlidir”.
Hüseyn Abdullayevin ağrılardan, yüksək qan təzyiqindən əziyyət çəkdiyi, depressiya keçirdiyi bildirilir.
1967-ci il təvəllüdlü Hüseyn Abdullayev bir vaxtlar Yeni Azərbaycan Partiyası hakimiyyətinə yaxınlığı ilə tanınıb.
2005-ci ildə 25 saylı Nizami seçki dairəsindən (Bakı) deputat seçilib. Milli Məclisin 2007-ci il martın 16-da keçirilən iclasında onun deputat Fəzail Ağamalı ilə davası düşüb. Martın 19-da Milli Məclis Hüseyn Abdullayevin deputat toxunulmazlığını ləğv edib. Ona xuliqanlıq və döymə ittihamları ilə cinayət işi qaldırılıb. Həmin gün Nəsimi Rayon Məhkəməsi Hüseyn Abdullayev haqda iki aylıq həbs qətimkan tədbiri seçib. Mayın 18-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alan Hüseyn Abdullayev azadlığa buraxılıb və deputatlıqdan məhrum edilib.
2012-ci ildə Hüseyn Abdullayev Almaniyaya mühacirət edib və Azərbaycan hakimiyyətinə qarşı sərt çıxışlara başlayıb.
2013-cü ildə Azərbaycanda Hüseyn Abdullayevə vergidən yayınma ittihamı ilə cinayət işi başlanıb və o, beynəlxalq axtarışa verilib.
2016-cı ildə ona qanunsuz sahibkarlıq, 2018-ci ildə dələduzluq və hədə-qorxu ilə tələb etmə ittihamları da irəli sürülüb.
2018-ci ilin aprelində sabiq deputat Türkiyədə tutularaq ölkəyə gətirilib.
2019-cu il oktyabrın 1-də Bakı Hərbi Məhkəməsi Hüseyn Abdullayevə 6 il azadlıqdan məhrumetmə cəzası kəsib.