Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan ABŞ prezidenti Cozef Baydenin XX əsrin birinci yarısında, Osmanlı İmperiyasının son çağlarında baş verənləri “erməni soyqırımı” kimi tanımasına münasibət bildirib.
Rəcəb Teyyub Ərdoğan aprelin 26-da Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə müraciətində deyib: “ABŞ prezidenti Cozef Bayden bir əsrdən çox əvvəl baş verən ağrılı hadisələr barədə əsassız, ədalətsiz və real olmayan açıqlamalar verdi. Tarixi proseslərin araşdırılması və əsl həqiqətlərin ortaya çıxarılması siyasətçilərə deyil, tarixçilərə tapşırılmalıdır… Ermənistanın Azərbaycana qarşı işğalının dəhşətli nəticələri ortada olduğu halda türkləri soyqırımında ittiham etmək haqsızlıq və ədalətsizlikdir”.
Daha sonra Türkiyə prezidenti bildirib: “Azərbaycan prezidenti, qardaşım İlham Əliyevlə Ermənistanla əldə olunan anlaşmaya dair və son proseslərlə bağlı telefon danışığı apardıq. Uzun illər həllini tapmayan məlum problemin aradan qaldırılması üçün ən gözəl cavabı Qarabağda birlikdə vermişik. Qarşıdakı günlərdə bu istiqamətdə atacağımız növbəti addımları müəyyən edəcəyik”.
Otuz il əvvəl Azərbaycan torpaqlarında törədilənlərin ortada olduğunu diqqətə çatdıran Rəcəb Teyyub Ərdoğan vurğulayıb: “Problemin həlli üçün ABŞ, Rusiya və Fransanın təmsilçiliyi ilə yaradılan Minsk qrupu heç bir iş görmədi. Bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz yurdundan qaçqın düşdü. Həmin bölgədə bütün varlığı, binaları, tarixi dağıdıb yandırdılar”.
Birinci Dünya müharibəsinin yaratdığı acıları söyləyən prezident Ərdoğan bildirib ki, bir çox yerdə ermənilərin məhv etdiyi türklərin kütləvi məzarlığı olduğu halda, heç bir yerdə erməni kütləvi məzarlığı yoxdur.
Mənbə: Azertag.az
Azərbaycan ABŞ-ı xəbərdar edir
Azərbaycanın ABŞ-a rəsmi etirazı
“Bayden erməni diasporunun “4T” hədəfinə yaşıl işıq yandırdı”
“Erməni məsələsi” Ağ evə necə ayaq açıb? – “Habertürk”
ADR Hərəkatından etiraz, sədrdən təklif
Ağ ev Ərdoğanı niyə qaralayıb? – “NBC News”
Bayden ermənilərə nə vəd etmişdi? Bir il qabaqkı bəyanatın mətni