Aprelin 26-da BMT-nin Asiya və Sakit Okean Üçün İqtisadi və Sosial Komissiyasının (qərargahı Tailandda yerləşir) “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzulu sessiyası işə başlayıb. AZƏRTAC xəbər verir ki, sessiyada prezident İlham Əliyevin video formatında çıxışı təqdim olunub.
Dövlət başçısı deyib ki, koronavirus pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoyub: “Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atıb. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilib.
Biz bu ilin yanvar ayından vaksinasiyaya başlamışıq. Bu günədək 1,4 milyon vaksin istifadə olunub, bu da əhalimizin 14 faizini təşkil edir.
Lakin yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir. Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir, Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında koronavirusla mübarizəyə həsr edilmiş zirvə toplantısının təşəbbüskarı olub və onu uğurla keçirib. Bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib.
“Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizini 30-dan çox zəngin dövlət sifariş edib.
Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcək. Bu yaxınlarda BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanın Qoşulmama Hərəkatı adından irəli sürdüyü, ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı qətnaməni yekdilliklə qəbul edib. Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə yardım göstərib”.
Prezident çıxışında Qarabağ məsələsinə də toxunub: “Ötən il Azərbaycan ərazisinin işğalına son qoyub. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınıb. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirib. Xocalı soyqırımını 13 ölkə tanıyıb.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin həmin qətnamələr heç vaxt icra edilməyib. Mən ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edirəm. Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı. Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə Ermənistanın əməl edəcəyinə dair heç bir ümid yox idi. Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq olmayıb və sanksiyalar tətbiq edilməyib”.
İlham Əliyev qeyd edib ki, 2020-ci il sentyabrın 27-dən əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qalan Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra edib, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib: “Hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır. Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq. Mən dost ölkələrdən olan şirkətləri işğaldan azad olunmuş, Lüksemburqdan dörd dəfə böyük olan ərazidə irimiqyaslı yenidənqurma işlərinə dəvət edirəm”.