ABŞ-ın Ratqers Universitetinin professoru olan iqtisadçı alim Qubad İbadoğlunun sədrlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda ABŞ prezidenti Cozef Baydenin 24 aprel açıqlamasına etiraz bildirilir.
Aprelin 24-də ABŞ prezidenti Cozef Bayden XX əsrdə, Osmanlı İmperiyasının son çağlarında baş verən toqquşmalar zamanı ermənilərin üzləşdiyi hadisələri “soyqırımı” kimi qiymətləndirib.
Saxta soyqırımı iddialarına əsasən, 1915-ci il aprelin 24-dən başlayaraq 1923-cü ilə kimi Türkiyədə 1 milyon 500 min nəfər erməni öldürülüb. Bu iddiaları indiyədək bir çox ölkənin (Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Fransa, İsveç, İsveçrə, İtaliya, Kipr, Litva, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, Vatikan, Yunanıstan, ABŞ, Kanada, Argentina, Boliviya, Braziliya, Çili, Paraqvay, Uruqvay, Venesuela, Livan, Suriya və s.) qanunverici orqanları, bəzi beynəlxalq qurumlar tanıyıb.
ADR Hərəkatı Cozef Baydenin 1915-ci il hadisələrini “soyqırımı” adlandırmasından, bununla da ermənilərin “kütləvi qırğınını” tanımasından təəssüfləndiyini bildirir və 1915-ci il hadisələrinin tarixi təhrifini, onu populist məqsədlərlə siyasiləşdirmək cəhdini pisləyir: “Müasir dünya ABŞ prezidentindən sülhə, barışa, əmin-amanlığa çağırışlar gözlədiyi bir dövrdə onun verdiyi bu açıqlama birlik və həmrəylik üçün zərərlidir. Uydurma “soyqırımı” ilə tarixi saxtalaşdıranlar həmişə uduzub və bu dəfə də uduzmağa məhkumdurlar. Dünya birliyinin ən yaxın tariximizdə Qarabağda ermənilərin vəhşiliyinin şahidi olduğu bir dönəmdə ABŞ prezidentinin “soyqırımı” ifadəsi işlətməsi nəinki Türkiyə-ABŞ əlaqələrinə, eyni zamanda Dağlıq Qarabağ probleminin həllinə mənfi təsir göstərəcək, həmçinin Rusiya özünün Qafqaz siyasətində Qərb demokratik dəyərlərinə qarşı münasibətində əlavə siyasi imkanlar əldə edəcək.
ADR Hərəkatı ABŞ prezidenti Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı ifadə etdiyi mövqeyi qətiyyətlə pisləyir və bu məsələdə qardaş Türkiyə Cümhuriyyətinin yanında olduğunu bəyan edir”.
Qubad İbadoğlu öz şərhində də məsələyə toxunaraq qeyd edir ki, Cozef Bayden tarixi saxtalaşdırmaq istəyi ilə Türkiyəni özündən bir az da uzağa itələyir, münasibətlərin daha da gərginləşməsinə rəvac verir. Azərbaycanın da nəticələr çıxarmalı olduğunu vurğulayan Qubad İbadoğlu ölkədə birlik və həmrəyliyin 2020-ci ilin Vətən müharibəsi dövründəki səviyyəsini bərpa etməyə; vaxt itirmədən bütün sahələrdə, ilk növbədə siyasi, sosial, iqtisadi, hərbi, səhiyyə, təhsil sahələrində islahatlara başlamağa; Türkiyə ilə hərbi-siyasi əlaqələri daha da sıxlaşdırmağa çağırır.
Azərbaycan ABŞ-ı xəbərdar edir
Azərbaycanın ABŞ-a rəsmi etirazı
“Bayden erməni diasporunun “4T” hədəfinə yaşıl işıq yandırdı”