Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 25-də istefa verib. Bu addım parlamentin buraxılması, qanunverici orqana növbədənkənar seçkinin təyin olunması üçün atılıb. Parlament seçkisinin iyunun 20-də keçirilməsi gözlənir.
Ermənistan Konstitusiyasına əsasən, baş nazir istefa verdikdən sonra parlament iki həftə ərzində hökumətin yeni başçısını seçməlidir. Əks halda qanunverici orqan buraxılır, növbədənkənar parlament seçkisinə gedilir, hökumət başçısı səlahiyyətlərinin icrasını davam etdirir.
2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefası tələbi irəli sürür. Növbədənkənar seçki niyyəti bu fonda yaranıb.
20 iyun seçkisi partiya siyahıları – tam proporsional sistem əsasında təşkil olunmalıdır. Qanunverici orqana düşmək üçün partiyalar azı 5%, bloklar azı 7% səs toplamalıdır.
Novator.az bildirir ki, 1975-ci il təvəllüdlü Nikol Paşinyan jurnalistdir. “Dprutyun” və “Lraqir” qəzetlərində müxbir, “Molorak” qəzetində redaktor, “Oraqir” və “Aykakan jamanak” qəzetlərində baş redaktor vəzifələrini tutub.
2009-2011-ci illərdə həbsdə yatıb.
2012-ci ilin parlament seçkisinə Erməni Milli Konqresindən qatılan Nikol Paşinyan deputat mandatı alıb.
Əsası 2013-cü ildə qoyulmuş Vətəndaş Sazişi Partiyasının lideridir. 2017-ci ilin parlament seçkisində Vətəndaş Sazişi Partiyası daha iki partiya ilə birgə blok yaradıb. Blok parlamentə 9 mandat qazanıb.
2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib.
Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib. Həmin il oktyabrın 16-da Nikol Paşinyan istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində qələbədən sonra, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb. Əksəriyyəti Vətəndaş Sazişi Partiyasının üzvü olan hakim “Mənim addımım” blokunun 132 nəfərlik parlamentdə 83 mandatı var.