Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi ABŞ prezidentinin erməni anım günü münasibətilə çıxışına dair şərh yayıb.
Aprelin 24-də ABŞ prezidenti Cozef Bayden XX əsrdə, Osmanlı İmperiyasının son çağlarında baş verən toqquşmalar zamanı ermənilərin üzləşdiyi hadisələri “soyqırımı” kimi qiymətləndirib.
Cozef Bayden ABŞ-a 2021-ci il yanvarın 20-dən rəhbərlik edir. O, ölkəsindəki erməni lobbisinə yaxın, Türkiyəyə qarşı sərt mövqeyi olan siyasətçi kimi tanınır.
Saxta soyqırımı iddialarına əsasən, 1915-ci il aprelin 24-dən başlayaraq 1923-cü ilə kimi Türkiyədə 1 milyon 500 min nəfər erməni öldürülüb. Bu iddiaları indiyədək bir çox ölkənin (Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Fransa, İsveç, İsveçrə, İtaliya, Kipr, Litva, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, Vatikan, Yunanıstan, ABŞ, Kanada, Argentina, Boliviya, Braziliya, Çili, Paraqvay, Uruqvay, Venesuela, Livan, Suriya və s.) qanunverici orqanları, bəzi beynəlxalq qurumlar tanıyıb.
Novator.az bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin 24 aprel şərhində qeyd olunur ki, ABŞ prezidentinin erməni anım günü münasibətilə bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur: “Qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək gündəmə gətirənlər həmin dövrdə erməni silahlı dəstələrinin 500 mindən artıq insanı kütləvi öldürməsi hallarına, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir.
100 il bundan öncə baş verən hadisələr yanlış şəkildə təqdim edilərkən 30 il bundan öncə Ermənistanın Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.
1915-ci il hadisələrini siyasətçilər deyil, tarixçilər araşdırmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan Türkiyənin həmin dövrün hadisələrini birgə tarixi komissiyanın araşdırması barədə təklifini qəbul etməyib. Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”.
Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, aprelin 24-də dövlət başçısı İlham Əliyev Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanla telefonla danışıb: “Dövlət başçıları ABŞ prezidentinin qondarma “erməni soyqırımı” ilə əlaqədar bəyanatını qınayıblar. Qərarın yanlış olduğunu qeyd edən İlham Əliyev onu tarixi səhv adlandırıb, Azərbaycanın bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb. İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu deyib, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib”.
Azərbaycanın 48 siyasi partiyası məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir: “Qondarma “erməni soyqırımı” anlayışı yalnız siyasi təzyiq alətidir və ikili standartlar siyasətinin təzahürüdür. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyərdilər.
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar ayrı-ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törədir”.
Etiraz bəyanatı Yeni Azərbaycan Partiyasının sədr müavini Tahir Budaqovun, Vətəndaş Həmrəyliyi Partiyasının, Ana Vətən Partiyasının, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Böyük Quruluş Partiyasının, Vəhdət Partiyasının, Demokratik İslahatlar Partiyasının, Vətəndaş Birliyi Partiyasının, Milli Cəbhə Partiyasının, REAL Partiyasının, Ümid Partiyasının, Klassik Xalq Cəbhəsi Partiyasının, Azərbaycan Xalq Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Vətəndaş və İnkişaf Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Ağ Partiyanın, Ədalət Partiyasının, Milli Dirçəliş Hərəkatı Partiyasının, Azad Demokratlar Partiyasının, Azərbaycan Liberal Demokrat Partiyasının, Aydınlar Partiyasının, Azərbaycan Sosial Demokrat Partiyasının, Azərbaycan Liberal Partiyasının və başqa partiyaların rəhbərləri adından yayılıb.