ABŞ-ın qondarma erməni soyqırımının tanıdılması ilə əlaqədar addımlar atacağı barədə məlumatlar yayılır. Azərbaycan prezidentinin köməkçisi, administrasiyanın xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a şərhində deyib ki, ölkənin qondarma və saxta erməni soyqırımı ilə bağlı qəti və birmənalı mövqeyi hər kəsə bəllidir: “ABŞ-ın yeni administrasiyası belə bir addım atacaqsa, bu, tarixi səhv olacaq. Azərbaycan həmişə qondarma erməni soyqırımının tanıdılması cəhdlərinin əleyhinə olub. Qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır. Tarixi tarixçilər araşdırmalıdır. Bu halın baş verəcəyi təqdirdə Azərbaycan qəti şəkildə onu qınayacaq.
Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır və Azərbaycana qarşı olan hər hansı addım da Türkiyəyə qarşıdır. Ümid etmək istərdik ki, ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək”.
Saxta soyqırımı iddialarına əsasən, 1915-ci il aprelin 24-dən başlayaraq 1923-cü ilə kimi Türkiyədə 1 milyon 500 min nəfər erməni öldürülüb. Bu iddiaları indiyədək bir çox ölkənin (Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Fransa, İsveç, İsveçrə, İtaliya, Kipr, Litva, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, Vatikan, Yunanıstan, ABŞ, Kanada, Argentina, Boliviya, Braziliya, Çili, Paraqvay, Uruqvay, Venesuela, Livan, Suriya və s.) qanunverici orqanları, bəzi beynəlxalq qurumlar tanıyıb.
2021-ci il yanvarın 20-dən ABŞ-a Cozef Bayden prezidentlik edir. O, ölkəsindəki erməni lobbisinə yaxın, Türkiyəyə qarşı sərt mövqeyi olan siyasətçi kimi ad çıxarıb.