Vəkil Elçin Sadıqov aprelin 21-də Bakıdakı 10 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəkərək məhbus Hüseyn Abdullayevlə bir araya gəlib. Novator.az-ın məlumatına görə, Elçin Sadıqov özünün “Facebook” səhifəsində yazır ki, Hüseyn Abdullayevin səhhəti getdikcə pisləşir: “Daxili orqanlarında qanaxma var, ağrılardan, yüksək qan təzyiqindən əziyyət çəkir, güclə yeriyir, dərin depressiya keçirir.
Aprelin 20-də ombudsman Səbinə Əliyeva Hüseyn Abdullayevlə görüşüb, ona tibbi yardım göstərilməsi üçün əlindən gələni edəcəyini deyib.
Hüseyn Abdullayevin ixtisaslaşmış tibbi müayinəyə və müalicəyə ehtiyacı var. Onun paytaxtdakı Mərkəzi Klinik Xəstəxanada öz hesabına müayinə və müalicə hüququndan istifadəsinə şərait yaradılmalıdır. Penitensiar Xidmətə bunun üçün müraciət etmişik. Ümid edirik ki, Hüseyn Abdullayevin həyat və sağlamlığına olan riskin aradan qaladırılması üçün tədbirlər görüləcək”.
Hüseyn Abdullayev 1967-ci ildə doğulub. Bir vaxtlar Yeni Azərbaycan Partiyası hakimiyyətinə yaxınlığı ilə tanınıb.
2005-ci ildə 25 saylı Nizami seçki dairəsindən (Bakı) deputat seçilib. Milli Məclisin 2007-ci il martın 16-da keçirilən iclasında onun deputat Fəzail Ağamalı ilə davası düşüb. Martın 19-da Milli Məclis Hüseyn Abdullayevin deputat toxunulmazlığını ləğv edib. Ona xuliqanlıq və döymə ittihamları ilə cinayət işi qaldırılıb. Həmin gün Nəsimi Rayon Məhkəməsi Hüseyn Abdullayev haqda iki aylıq həbs qətimkan tədbiri seçib. Mayın 18-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alan Hüseyn Abdullayev azadlığa buraxılıb və deputatlıqdan məhrum edilib.
2012-ci ildə Hüseyn Abdullayev Almaniyaya mühacirət edib və Azərbaycan hakimiyyətinə qarşı sərt çıxışlara başlayıb.
2013-cü ildə Azərbaycanda Hüseyn Abdullayevə vergidən yayınma ittihamı ilə cinayət işi başlanıb və o, beynəlxalq axtarışa verilib.
2016-cı ildə ona qanunsuz sahibkarlıq, 2018-ci ildə dələduzluq və hədə-qorxu ilə tələb etmə ittihamları da irəli sürülüb.
2018-ci ilin aprelində sabiq deputat Türkiyədə tutularaq ölkəyə gətirilib.
2019-cu il oktyabrın 1-də Bakı Hərbi Məhkəməsi Hüseyn Abdullayevə 6 il azadlıqdan məhrumetmə cəzası kəsib.