Maliyyə Nazirliyi 2021-ci il büdcəsinin icrası barədə məlumat yayıb. Rəsmi açıqlamaya görə, birinci rübdə dövlət büdcəsinin mədaxili 5 milyard 736,4 milyon manat, xərcləri 5 milyard 523,7 milyon manat olub, 212,7 milyon manat artıqlıq yaranıb.
Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 2 milyard 85,7 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 943,6 milyon manat daxil olduğu vurğulanır.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən mədaxil 115 milyon manat, başqa daxilolmalar 78,4 milyon manat göstərilir.
Dövlət Neft Fondundan büdcəyə 2 milyard 513,7 milyon manat köçürüldüyü bildirilir.
Hesabata əsasən, dövlət büdcəsi xərclərinin 72,8 faizi cari xərclərə, 20 faizi əsaslı xərclərə, 7,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Novator.az bildirir ki, “2021-ci ilin dövlət büdcəsi haqqında” qanunda gəlirlər 25 milyard 427 milyon manat, xərclər 28 milyard 543 milyon manat nəzərdə tutulur.
Əsas gəlir mənbələri arasında ilk sırada Dövlət Neft Fondundan köçürmə dayanır: 12 milyard 200 milyon manat.
Xərclərə gəlincə, iqtisadi fəaliyyətə 5 milyard 947,4 milyon manat, müdafiə və milli təhlükəsizlik sektoruna 4 milyard 585,8 milyon manat, ümumi dövlət xidmətlərinə 4 milyard 159,7 milyon manat, sosial müdafiə və sosial təminata 3 milyard 692,7 milyon manat, təhsilə 3 milyard 277,6 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğa 2 milyard 92,8 milyon manat, səhiyyəyə 1 milyard 409 milyon manat, kənd təsərrüfatına 943 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətə 418,1 milyon manat, ətraf mühitin mühafizəsinə 275,5 milyon manat, mənzil və kommunal təsərrüfatına 262,8 milyon manat, əsas bölmələrə aid edilməyən xərclərə 1 milyard 478,1 milyon manat yönəltmək proqnozlaşdırılır.