ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan bu həftə məsləhətləşmə aparmaq üçün öz ölkəsinə yollanacaq. Novator.az bildirir ki, xəbəri ABŞ-ın “Reuters” agentliyi yayıb.
Dörd gün qabaq Rusiya ABŞ-a öz səfirini geri çağırmağı təklif etmişdi.
Son aylar Rusiya ilə ABŞ arasında münasibətlər xeyli gərginləşib. Ötən ay ABŞ prezidenti Cozef Bayden bir müsahibəsində Rusiya prezidenti Vladimir Putini “qatil” adlandırandan sonra gərginlik daha da artıb. Hər iki ölkə bir-birinə sanksiyalar tətbiq etməyə başlayıb, Moskva öz səfirini Vaşinqtondan geri çağırıb.
Hazırda Rusiyanın 2014-cü ildə ilhaq etdiyi bölgəyə – Ukraynanın Krım yarımadasına və Ukrayna ilə sərhədə əlavə qoşun yığması da Moskva ilə Vaşinqton arasında münasibətlərin pisləşməsinin bir nəticəsi kimi yozuluq.
Bayden administrasiyası Rusiyanı ötən il ABŞ-da keçirilən prezident seçkisinə müdaxilədə, ABŞ federal agentliklərinin məlumat bazalarına haker hücumlarında günahlandırır və tətbiq etdiyi sanksiyaları bununla əsaslandırır. Moskva ittihamları rədd edir, həmçinin ABŞ-ın sanksiyalarına daha zəif formada da olsa sanksiyalarla cavab verir.
Bütün bunlara baxmayaraq Cozef Bayden aprel 22-23-dә onlayn formatda keçirilәcәk iqlim sammitinə Vladimir Putini də dəvət edib. Putin Baydenin təşkil etdiyi bu sammitdə çıxış edəcək. Sammit ərəfəsində Bayden Putinə Avropada görüşməyi də təklif edib. Təklifin qəbul olunub-olunmadığı hələ bilinmir.
Con Sallivanın Vaşinqtona hansı məsələlər barədə məsləhətləşmə aparmaq üçün getməyə hazırlaşdığı bəlli deyil. Məsələtləşmənin ABŞ-Rusiya münasibətlərinə aydınlıq gətirmək məqsədi daşıdığı şübhə doğurmur, amma detallar bilinmir.
Mənbə: Reuters.com