Avropa İnsan Hüquqları Məhkəməsi aprelin 15-də Azərbaycan vətəndaşları Oqtay Muradov, Səbinə Əlizadə və başqa 7 nəfərin şikayəti üzrə qərarını elan edib. Novator.az-ın məlumatına görə, hüquqşünas Xalid Ağalıyev yazır ki, onlar Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilədən, yerli məhkəmələrin qərarlarının icra edilməməsindən şikayətçi olublar. Qərara əsasən, Azərbaycan dövləti şikayətçilərə ümumilikdə 27100 avro təzminat ödəməli, 3 ay ərzində yerli məhkəmələrin qərarlarının icrasını təmin etməlidir.
Başqa bir məlumata görə, Avropa Məhkəməsi aprelin 22-də Azərbaycan üzrə yeni qərarlar açıqlayacaq.
Jurnalist Əvəz Zeynallı rüşvət tələbi ittihamı əsasında tutulub məhkum olunmasından şikayətçidir. O iddia edir ki, Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət və ifadə azadlığı hüquqlarına müdaxilə olunub.
Hazırda həbsdə olan jurnalist Elçin Həsənov dinc aksiya zamanı çəkiliş apararkən polis əməkdaşlarının onu tutub döyməsindən şikayət verib. Ərizəçi ifadə azadlığı, işgəncəyə məruz qalmamaq hüquqlarına müdaxilə baş verdiyini iddia edib.
İctimai fəal Bəxtiyar Hacıyev Gəncə şəhərində polisin onu tutmasından, saxlanmasının qanunsuzluğunun araşdırılmamasından şikayətçi olub, ifadə azadlığı, işgəncəyə məruz qalmama hüquqlarının pozuntusu məsələsini qaldırıb.
Elçin Həsənovla Bəxtiyar Hacıyevi Avropa Məhkəməsində hüquqşünas İntiqam Əliyev təmsil edib. Hər iki işdə ərizəçilər fərdi şikayət hüququna müdaxilə məsələsini də qaldırıblar. Bu iddia 2014-cü ildə ərizəçilərin hüquqi təmsilçilərinin həbs edilməsi, həmin vaxt işin materiallarının İntiqam Əliyevin Bakıdakı ofisindən götürülməsi ilə əlaqəlidir.
Ömürlük məhbus Hüseyn Abdulvahabov bir neçə nəfəri qaçırmaqda, öldürməkdə günahlandırılan cinayətkar qrup yaratmaqda təqsirli bilinib. O, Avropa Məhkəməsinə şikayətində barəsindəki cinayət mühakiməsinin ədalətli olmadığını iddia edir.
Avropa İnsan Hüquqları Məhkəməsi 1949-cu ildə yaradılan, 47 ölkəni birləşdirən Avropa Şurasının əsas qurumlarından biridir. Hakimləri üzv ölkələrdən seçilən məhkəmə Avropa İnsan Hüquqları Konvensiyana riayət olunmasını həyata keçirir.
Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub.