Ermənistanın baş naziri Nikol Paşinyan aprelin üçüncü ongünlüyündə istefa verəcəyini bəyan edib. Bu addım parlamentin buraxılması, qanunverici orqana növbədənkənar seçkinin təyin olunması üçün atılır. Parlament seçkisinin iyunun 20-də keçirilməsi gözlənir.
Ermənistan Konstitusiyasına əsasən, baş nazir istefa verdikdən sonra parlament iki həftə ərzində hökumətin yeni başçısını seçməlidir. Əks halda qanunverici orqan buraxılır, növbədənkənar parlament seçkisinə gedilir.
Nikol Paşinyan baş nazir kürsüsünə 2018-ci il mayın 8-də xalq hərəkatı dalğasında oturub. Həmin il oktyabrın 16-da Nikol Paşinyan istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində qələbədən sonra, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb.
2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefası tələbi irəli sürür. Növbədənkənar seçki niyyəti bu fonda yaranıb.
Əksəriyyəti Nikol Paşinyanın sədrlik etdiyi Vətəndaş Sazişi Partiyasının üzvü olan “Mənim addımım” blokunun 132 nəfərlik Ermənistan parlamentində 83 mandatı var.
20 iyun seçkisi partiya siyahıları – tam proporsional sistem əsasında təşkil olunmalıdır. Qanunverici orqana düşmək üçün partiyalar azı 5%, bloklar azı 7% səs toplamalıdır.
Novator.az bildirir ki, Armeniasputnik.am saytının “Parlament seçkisində kimə səs verəcəksiniz” suallı internet sorğusuna qatılanların 32,2%-i Nikol Paşinyan və onun komandasına dəstək olub.
Aprelin 15-nə olan nəticələrə görə, sabiq prezident Robert Köçəryan və onun komandası 30,1%-lə ikinci yerdə gedir.
Deputat Edmon Marukyanın İşıqlı Ermənistan Partiyası 6,1%, radikal Sasun Dəliləri Hərəkatı 5,5%, keçmiş baş nazir Karen Karapetyan 4,7%, Daşnaksütun Partiyası 1,9%, Artak Tovmasyanın Üçüncü Qüvvə Partiyası – 1,5%, deputat Qaqik Sarukyanın Çiçəklənən Ermənistan Partiyası 1,1%, Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası 1%, sabiq prezident Serj Sərkisyanın Ermənistan Respublika Partiyası 0,7% nəticə göstərir.
Respondentlərin 3,9%-i başqa qüvvələrə üstünlük verir, 10,9%-i isə heç kimə etimad etmir.