Azərbaycan nefti “AzəriLayt” 2021-ci ilin əvvəli ilə müqayisədə 12,61 dollar bahalaşıb.
AZƏRTAC-ın 14 aprel məlumatına görə, “AzəriLayt”ın barreli 63,53 dollara təklif olunur. Bu, büdcə qiymətindən 23,53 dollar yuxarı qiymətdir.
2021-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92, fevrala 56,68, marta 65,66, aprelə 64,25 dollarla başlayıb.
Gündəlik xam neft hasilatı yanvar və fevral aylarında 593 min barrel, mart ayında 592,1 min barrel göstərilib.
Əsas neft ixracatçılarını birləşdirən OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvador, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və 10 qeyri-OPEK ölkəsinin birgə qərarına görə, Azərbaycan gündəlik xam neft hasilatını mayda 603 min barrel, iyunda 610 min barrel, iyulda 620 min barrel həcmində saxlamalıdır.
Mayın 1-dək Azərbaycanın gündəlik hasilat kvotası 595 min barreldir.