Aprelin 14-ü Bakıda bir araya gələn Azərbaycan prezidenti İlham Əliyevlə Belarus prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, İlham Əliyev həmkarı ilə Dağlıq Qarabağ münaqişəsi həll ediləndən sonra yaranmış vəziyyət barədə də danışdığını vurğulayıb: “Biz Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasında bir sıra istiqamətlər üzrə – həm şəhərsalma, həm infrastrukturun yaradılması, kənd təsərrüfatının inkişafı sahələrində Belarus şirkətlərinin gələcək iştirakı ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Biz Belarusun aqroşəhərciklər yaradılması sahəsində təcrübəsini geniş müzakirə etdik. Mən Aleksandr Qriqoryeviçə məlumat verdim ki, Qarabağ “yaşıl enerji” zonası elan edilib və birinci “ağıllı kənd” layihəsi praktiki olaraq həyata keçirilməyə hazırdır. Əlbəttə, bu sahədə Belarusun təcrübəsi nəzərə alınmaqla bu istiqamətdə işləmək çox maraqlı olardı.
Mən daha sonra dedim ki, biz ərazilərin bərpası işlərinə yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Belarus da Azərbaycan üçün belə ölkədir. Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər. Ümidvarıq ki, dördüncü ölkə Belarus olacaq. Biz bu sahədə məsləhətləşmələri davam etdirmək üçün Azərbaycan hökumətinin üzvlərinin Belarusa səfərləri barədə artıq razılıq əldə etmişik.
Hesab edirəm ki, münaqişədən sonrakı inkişafla bağlı vəziyyət bütövlükdə müsbət səciyyələndirilə bilər. Mən münaqişədən sonrakı vəziyyətin inkişafına bizim yanaşmalarımız və bu haqda bizim təsəvvürümüz barədə Aleksandr Qriqoryeviçi məlumatlandırdım. Şübhəsiz, Azərbaycanın mövqeyini bildirim ki, biz belə hesab edirik və reallıq da belədir ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanıb. Azərbaycan onu müstəqil surətdə nizamlayıb, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirib. Bu qətnamələr 27 il ərzində kağız üzərində qalıb və təəssüf ki, onların implementasiyası mexanizmi işə salınmayıb. Minsk qrupunun həmsədr ölkələrinin erməni tərəfinə müraciətlə işğala son qoymaq çağırışları da yerinə yetirilməyib. Həmsədrlərin status-kvonun qəbuledilməzliyi barədə bəyanatları eşidilməyib.
Ermənistanın başına gələnlərin təqsirkarı məhz 20 il ərzində ölkəni uçuruma aparan Ermənistan rəhbərliyidir. İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun alçaldıcı məğlubiyyəti və tamamilə darmadağın edilməsi ilə başa çatıb. Bunun əsas təqsirkarları Ermənistanda bundan əvvəl hakimiyyətdə olanlardır. Biz tarixin bu səhifəsini çevirmək istəyirik, biz etimad tədbirlərinin möhkəmlənməsinə və bu gün həm Azərbaycan-Ermənistan-Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu çərçivəsində, həm də qonşu ölkələr – Türkiyə və İran ilə bizim məsləhətləşmələrimiz çərçivəsində müzakirə edilən nəqliyyat-logistika layihələrinə istiqamətlənmişik. Beləliklə, Zəngəzur dəhlizi reallığa çevrilir. Biz çoxtərəfli əməkdaşlığa ümid bəsləyirik.
Əlbəttə, Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır. Təbii ki, biz onun təkcə işğaldan azad edilmiş ərazilərin bərpasında fəal iştirakına yox, həm də Ermənistanın tərəfdaşı, Ermənistanla bərabər Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü, eləcə də Azərbaycanın yaxın dostu, dünyada nüfuzlu ölkə kimi fəal iştirakına ümid bəsləyirik. Əlbəttə, mən əminəm ki, o, gələcəkdə Ermənistanla Azərbaycan arasında əlaqələrin nizamlanmasında mühüm rol oynaya bilər”.
Aleksandr Lukaşenko 30 il davam edən dəhşətli faciənin bitməsinin Azərbaycan və Ermənistan xalqları üçün önəmini vurğulayıb: “Mən həqiqətən həm Azərbaycan xalqını, həm də Ermənistan xalqını onların tarixində bu kədərli, ən azı kədərli dövrün başa çatması münasibətilə təbrik etmək istəyirəm. Əhsən prezidentə. O dedi ki, biz tarixin bu səhifəsini çevirmək istəyirik. Mənim mövqeyim, mənim arzum budur. Allah eləsin, bu bəla sovuşsun. Ermənistan və Azərbaycan xalqlarının qəlbində kin-küdurət izləri qalmasın. Mən əminəm ki, dostum və qardaşım erməniləri əsla sıxışdırmayacaq, onlarla hesabı çürütmək, qisas almaq fikrinə düşməyəcək”.