AZƏRTAC prezident İlham Əliyevin “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında iştirakından geniş material yayıb. Beynəlxalq konfrans aprelin 13-ü Bakıda, Azərbaycan Diplomatik Akademiyası Universitetində keçirilib.
İlham Əliyev çıxışında deyib ki, münaqişədən sonrakı inkişaf mövzusuna toxunmazdan əvvəl Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında olduğu başa düşülməlidir: “Biz ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini bir kənara qoya bilmərik. Biz Ermənistan ordusunun vəhşiliklərini unuda bilmərik. Biz heç vaxt Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir. Bu yaddaş qəlblərimizdə yaşayacaq.
Eyni zamanda biz gələcəyə baxmalıyıq. İşğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası bizim ən pis gözləntimizdən də qorxuncdur. Bizim şəhər və kəndlərimizdə nələrin törədildiyi haqqında təsəvvürümüz var idi. Vaxtaşırı videomateriallar təqdim olunurdu, o torpaqlara səfər edə bilən xarici nümayəndələr məlumatlar verirdi. Yeri gəlmişkən, o vaxt Dağlıq Qarabağa qanunsuz səfər edən əcnəbilər keçmiş Dağlıq Qarabağ inzibati vilayətinin ətrafında yerləşən Ağdam, Füzuli və digər rayonlara səfər etmək hüququndan məhrum idi. Ermənistan hökuməti onların həmin ərazilərdə olan dağıntıların, işğalın, azərbaycanlılara qarşı olan nifrətin nəticəsinin şahidi olmasını istəmirdi. Aydındır ki, həmin ərazilər Birinci Qarabağ müharibəsi dayandıqdan sonra viran qoyulub, çünki müharibə gedə-gedə şəhər və kəndləri dağıtmaq mümkün olmazdı. Onlar bunu bilərəkdən, Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları bizim yaddaşımızdan silmək və həmin ərazilərin mənşəyini dəyişdirmək məqsədilə ediblər.
Beləliklə, burada Azərbaycan xalqının hissləri başa düşülməlidir. Biz artıq həmin torpaqlara qayıdaraq işğalçı erməni qüvvələrinin bizim tarixi və dini abidələrimizi, şəhər və kəndlərimizi necə viran etdiyinin şahidiyik. Bu isə münaqişədən sonrakı dövrdə addımlarımızın planlaşdırılması baxımından mühüm amildir”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun bir neçə kəndi bölgədə atəşkəsi qorumağa məsul olan Rusiya Ordusu bölmələrinin nəzarətindədir.