İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu böhran müzakirəsi təklif edir. Novator.az-ın məlumatına görə, o yazır ki, Qarabağ müharibəsində son atəşkəsdən beş aydan çox ötsə də, mülki həyatda canlanma yoxdur, əksinə, hər ötən ay ölkədə yaşam şərtləri daha da ağırlaşır: “2021-ci ilin birinci rübü 13 gündür başa çatıb, amma sosial-iqtisadi yekunlar müzakirə olunmur, əldə edilmiş nəticələr və itirilmiş imkanlar dəyərləndirilmir. Belə olanda da həlli vacib sosial problemlər artır, əhalinin güzəranı daha da çətinləşir, istehlak qiymətləri sürətlə artır.
Bir ildən çoxdur orta aylıq əməkhaqqı davamlı azalır, son zamanlar bəzi dövlət şirkətlərində və özəl şirkətlərdə maaşlar ödənmir, işsizlik və yoxsulluq kütləviləşir.
Pandemiyanın neqativ təsirlərindən və məhdudiyyətlərindən əziyyət çəkən kıçık və orta biznes əsassiz cərimələr və büdcəyə əlavə ödənişlərlə yüklənərək çıxılmaz duruma salınır, ölkədə iqtisadi həyat sönür, işgüzar fəallıq passivliklə əvəz olunur, real sektor üzrə tənəzzül dərinləşir.
Bir çox ölkədə bu ildən müsbət dəyişikliklər qeydə alındığı halda Azərbaycanda, rəsmi məlumatlara görə, ilk iki ayda sığorta bazarı 15,8 faiz, bankların xalis mənfəəti 25,3 faiz, depozitlərin həcmi 5,2 faiz, kredit portfeli 6,8 faiz, xarici ticarət dövriyyəsi 12,7 faiz, sənaye istehsalı 4 faiz, ümumi daxili məhsul istehsalı 3,2 faiz azalıb. Hətta pandemiya dövründə əksər ölkələrdə pozitiv dinamikaya malik olan informasiya və rabitə xidmətləri Azərbaycanda bu ilin ilk iki ayında 4,5 faiz geriləyib.
İlin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə neft gəlirləri 43 faiz, əhalinin nominal gəlirləri 4 faizdən çox azalıb.
İş adamlarının, istehlakçıların rəylərindən məlum olur ki, bu il ötən illə müqayisədə xeyli pis başlayıb və belə davam edərsə, iqtisadiyyat daha da acınacaqlı duruma düşə bilər. Odur ki, iqtisadiyyatın mövcud durumunun və onun hazırkı sosial nəticələrinin böhran masasında müzakirəsini təklif edirəm”.