Aprelin 13-də Milli Məclis “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda dəyişiklikləri ilk oxunuşda qəbul edib. Novator.az bildirir ki, prokurorluqda stajorluq və sınaq keçməni tənzimləyən maddə yeni redaksiyada verilir: “İlk dəfə prokurorluğa qulluğa qəbul edilən şəxslər üçün 6 aylıq stajorluq müddəti müəyyən edilir. Baş prokuror hüquqşünas ixtisası üzrə 5 ildən artıq iş təcrübəsi olan işçini stajorluq müddətindən azad edə bilər. Stajorluq müddəti bitdikdən sonra stajorun qulluq etdiyi prokurorluq orqanının rəhbəri müsbət rəy verərsə, stajor 3 aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilir. Rəy mənfi olarsa, stajor attestasiyadan keçirilir. Attestasiyanın nəticəsindən asılı olaraq stajorun 3 aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunur”.
Rütbələrin verilməsi qaydasına təklif olunan yeniliyə əsasən, prokurorluq işçisinə vaxtından əvvəl rütbə onun daşıdığı rütbədə olma müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər.
Prokurorluq işçilərinin sosial müdafiəsi maddəsi də dəyişir. Təklifə görə, prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə pul kompensasiyası ödənir.
Başqa bir təklif prokurorluq işçilərinə hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə verilməsini nəzərdə tutur.
“Prokurorluq haqqında” qanunda dəyişikliklər də ilk oxunuşdan keçib.
Prokurorluğun maddi-texniki təminatı və maliyyələşdirilməsi maddəsinə təklif olunan yeniliyə görə, bu vəsaitlər Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülür:
prokurorluq orqanlarında istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;
prokurorluq orqanlarında istintaq olunan cinayət işləri üzrə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi;
prokurorun baxılması üçün məhkəməyə göndərdiyi inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizi.