Milli Məclisin 13 aprel iclasında Hesablama Palatasının illik məruzəsi təqdim olunub. Hesabatı təqdim edən palata sədri Vüqar Gülməmmədov deyib ki, 2020-ci ildə 41 kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirilib. Onun sözlərinə görə, audit göstərir ki, maliyyə hesabatları tərtib edilərkən iki istiqamətdə nöqsana yol verilir, maliyyə hesabatlarında məlumatların düzgün əks etdirilməməsi daha ciddi pozuntudur: “Hesabatlarda düzgün əks etdirilməyən 412,4 milyon manat müəyyən olunub. Mühasibatlıq prinsiplərinə əməl edilməməsi və mühasibat yazılışlarının doğru verilməməsi halları da çoxdur. Bu, ümumilikdə 335,4 milyon manat məbləğlə ifadə olunur.
2020-ci ildə başa çatdırılmış 34 audit üzrə nəticələr ümumiləşdirilərək 452 halda nöqsan müəyyən edilib. Nöqsanlar arasında büdcə qanunvericiliyinin pozulması, dövlət satınalmaları ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi, eyni zamanda əsaslı qoyuluşlarla bağlı xərclərin icrasında yol verilmiş nöqsanlar xüsusilə seçilir. Auditlər və təhlillər bir sıra sahələr üzrə vəziyyətin ciddi dəyişmədiyini qeyd etmək imkanı verir. Bu sahələrə investisiya layihələrinin icrasını və dövlət satınalmalarını aid etmək olar.
Hesabat ilində ümumilikdə 130,3 milyon manat hüquqi aktların pozulması ilə icra olunub. Ümumilikdə 55,2 milyon manat vəsaitin bərpası ilə bağlı qərar verilib və 94 faizinin icrası təmin edilib.
Nöqsanlarla icra edilmiş vəsaitin tərkibində bərpası ilə bağlı tədbirlər müəyyən edilməyən hissə 75,1 milyon manatdır, bunun da 16,4 milyon manatı hüquq mühafizə orqanlarına təqdim olunub.
Əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticəsi kimi 20-dən çox qurumdan məlumatlar daxil olub və onlar da nəzərə alınmaqla ümumilikdə 53,7 milyon manat məbləğində vəsaitin bərpası təmin edilib”.
Hesablama Palatası Milli Məclisin yaratdığı, kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanıdır. Qurumun icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına rəy vermək səlahiyyətləri də var.
Hesablama Palatasına dövlət xəzinədarlığı məlumatlarına birbaşa çıxış imkanı əldə etmək; dövlət vəsaitinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş göstəricilərə uyğunluğunu təhlil etmək; kənar dövlət maliyyə nəzarəti obyektlərindən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası ilə bağlı hesabat və məlumatları, habelə maliyyə, mühasibat, vergi və statistik uçotu hesabatlarını və zəruri sənədləri kağız və (və ya) elektron formada almaq, kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində onların elektron informasiya sistemlərinə daxil olmaq; kənar dövlət maliyyə nəzarəti obyektlərində aidiyyəti sahələrə daxil olmaq, müvafiq sahələrdə müşahidələr aparmaq, aktivlərin və öhdəliklərin mövcudluğunu yoxlamaq, inventarizasiyasını aparmaq, məsul şəxslərdən və maliyyə nəzarətinin predmeti ilə əlaqədar digər tərəflərdən izahatlar və məlumatlar almaq; inzibati xətalar haqqında işlərə baxmaq və inzibati tənbeh tətbiq etmək; kənar dövlət maliyyə nəzarətinin obyektlərinin vəzifəli şəxslərini Hesablama Palatasının kollegiya iclaslarına dəvət etmək kimi hüquqlar verilib.
Palata sədr, sədr müavini və 5 auditordan ibarətdir. Üzvlərin səlahiyyət müddəti 7 ildir, onlar Milli Məclis sədrinin təqdimatı əsasında təyin olunurlar.
Vüqar Gülməmmədov quruma 2013-cü ildən sədrlik edir.