Prezident İlham Əliyev aprelin 12-si Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, 5 hektar ərazini əhatə edən park paytaxtın Xətai rayonundadır. Parkdakı eksponatların arasında Silahlı Qüvvələrin işğaldan azad olunan ərazilərdə qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan kompozisiya, Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var.
Həmçinin Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.
Təqdim edilən eksponatlar arasında 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar da yer alır.
Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşüb.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun bir neçə kəndi bölgədə atəşkəsi qorumağa məsul olan Rusiya Ordusu bölmələrinin nəzarətindədir.
Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri 3 min nəfərə yaxın şəhid verib.