Aprelin 12-si Bakıda Hərbi Qənimətlər Parkına baş çəkən prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev bir qrup hərbi qulluqçu ilə görüşüb. O deyib ki, hakimiyyətdə olduğu dövrdə Qarabağ məsələsində heç bir güzəştə getməyib: “2003-cü ildə prezident seçiləndən sonra demişdim ki, nə danışılıb, qalsın kənarda, mən bunu tanımıram, sıfırdan başlamalıyıq danışıqlara, sıfırdan. Bütün təzyiqlərə baxmayaraq buna nail oldum. Məhz bunun nəticəsində Madrid prinsipləri ortalığa çıxdı. Bəli, Madrid prinsipləri bizi tam qane etmirdi. Mən bunu gizlətmirəm. Ancaq Madrid prinsiplərinin əsasında bizim torpaqlarımızın azad edilməsi nəzərdə tutulurdu. Mən dəfələrlə demişdim ki, heç vaxt ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb, olmayacaq və həyat bunu təsdiqlədi.
Mənim o vaxt danışıqların uğurla başa çatmasına inamım var idi. Çünki mən bu vəzifəyə təzə seçilmişdim, hələ böyük siyasətin, riyakarlığın nə dərəcədə geniş vüsət almasından xəbərsiz idim. Hesab edirdim ki, kim, hansı tərəf-müqabil nəyi deyirsə, o da həqiqətdir. Sonra anladım ki, bütün bu illər ərzində bizi aldatmağa çalışıblar. Məsələni həll etmək yox, dondurmaq istəmişdilər. Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar bu torpaqları erməni tapdağının altında daim saxlamaq istəmişdilər. Onu sonra anladım.
Ancaq bununla paralel olaraq, danışıqlar apararaq eyni zamanda hazırlıq işləri də gedirdi. Mən bunu gizlətmirdim. Dəfələrlə demişdim ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz bunu hərbi yolla həll edəcəyik. Nəticədə də belə oldu. Nə demişəmsə, onu da etmişik. Bütün bu illər ərzində demişdim ki, bizim torpağımızda heç vaxt ikinci erməni dövləti yaradıla bilməz.
Biz danışıqlar masasında prinsipiallıq göstərərək eyni zamanda güclü ordu yaradırdıq. Bütün bu 17 il ərzində bizim əsas büdcə xərclərimiz hərbi xərclər olub. Biz istədiyimizə nail olduq. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Biz bir ölkədən asılı olmamaq üçün bu texnikanı bir çox mənbələrdən almışıq. Buna nail olmaq üçün gərək sənin tərəfdaş ölkələrlə sıx əlaqələrin olsun. Çünki silah bazarı çox həssasdır. Burada ancaq kommersiya, biznes maraqları hər şeyi həll etmir. Siyasi məsələlər hər şeyi həll edir. Biz tərəfdaş ölkələrdən elə texnika, elə silahlar almışıq ki, əgər bir mənbədən olan texnikaya bir şey olarsa, bizim ehtiyat imkanlarımız var və İkinci Qarabağ müharibəsi bunu göstərdi.
İkinci Qarabağ müharibəsinə hazırlaşmalı idik və hazırlaşdıq. Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlarda bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi. Bütün bunlar siyasi və hüquqi baza yaradıb. Əgər bu, olmasaydı, müharibə dövründə bizə qarşı Minsk qrupuna həmsədrlik edən ölkələrin BMT-dəki təşəbbüsü nəticə verə bilərdi. Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər. Biz öz torpağımızda vuruşuruq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik. Bizə qarşı sanksiyalar tətbiq etmək ədalətsizlikdir, vicdansızlıqdır. Kim idi bunları təşkil edən? Minsk qrupuna həmsədrlik edən ölkələr. Kim bunun qarşısını aldı? Bizə dost olan ölkələr, Qoşulmama Hərəkatına üzv olan ölkələr.
İqtisadi sahədə hazırlıq aparılmalı idi. Əgər biz hansısa bir ölkədən və yaxud da ki, hansısa beynəlxalq maliyyə qurumundan asılı olsaydıq, müharibəni apara bilərdikmi? Əlbəttə ki, yox. Bizə min cür təzyiq edəcəkdilər, bizi təhdid edəcəkdilər, imkanlarımızı kəsəcəkdilər.
İqtisadi müstəqillik əsas məsələlərdən biri idi. Buna da nail olduq. Enerji müstəqilliyinə nail olduq. Tarixi layihələri həyata keçirdik. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi. Əgər, o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmazdı. Vəsait yoxdursa, silah da olmayacaqdı.
Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ən vacib məsələlərdən biridir. İkinci Qarabağ müharibəsi göstərdi ki, bu sahədə də böyük uğurlar əldə edilib.
Əlbəttə ki, ilk növbədə, ordu quruculuğu. Ordunun maddi-texniki təchizatı, döyüş qabiliyyəti, peşəkarlığı, xidmət şəraiti, hərbçilərin məişət şəraiti yaxşılaşdırıldı. Elə güclü ordu yaratmışıq ki, beynəlxalq reytinqlərdə həmişə 50-ci yerlərdə idik, indi müharibədən sonra, təbii ki, daha da yüksək yerlərə qalxacağıq. Müharibə dövründə gücümüzü göstərdik.
Azərbaycan xalqının müharibə ilə bağlı geniş təsəvvürü var. Vaxt keçdikcə ayrı-ayrı əməliyyatlar haqqında da məlumat verəcəyik. Ancaq 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Biz düşməni hər gün qovurduq, hər gün. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmadı, halbuki müharibələrdə hücumlar, geriyə dönmələr, manevrlər olur. Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilmədi. Ermənistan ordusunda 10 min fərari olub, özləri bunu etiraf ediblər. Azərbaycan Ordusunda, Silahlı Qüvvələrimizdə bir nəfər də fərari olmayıb. Yaralanmış hərbçilər, ağır yaralanmış hərbçilər bir amalla yaşayırdılar ki, tezliklə sağalıb yenə də döyüşə qayıtsınlar. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti yüksək mənəvi ruh göstərib, peşəkarlıq, qəhrəmanlıq öz yerində, mənəvi ruh. Onlar bizi görəndə qabağımızdan qaçırdılar, biz onları hər gün qovurduq.
Bütün əməliyyatlar düşünülmüş şəkildə aparılıb. Gün ərzində görülmüş işlər hər gün mənə məruzə edilirdi, müşavirələr keçirilirdi, növbəti gün ərzində görüləcək işlərin planı tutulurdu. Deyə bilərəm ki, nəzərdə tutduğumuz bütün məsələlər əksər hallarda öz həllini tapdı. Hər gün bizim hərbçilərimiz öz həyatını risk altına atırdılar. Çünki o istehkamları, o müdafiə xətlərini keçmək həm peşəkarlıq, güc və həm də cəsarət tələb edirdi. Bizim aslanlarımız ölümə gedirdilər. Çünki onların işi haqq işi idi, onlar öz torpaqları uğrunda vuruşurdular.
Müharibə dövründə dəfələrlə demişdim, Ermənistan rəhbəri mənə tarix versin ki, bizim torpağımızdan nə vaxt rədd olur, həmin an biz müharibəni dayandırırıq. Belə də oldu. 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi, Ermənistan ordusunun beli qırıldı, Ermənistan ordusu məhv edildi. On min fərarisi olan ordu biabırçılıq və rəzalətdir. Onlar öz əsgərlərini döyüş məntəqələrində zəncirlərlə bağlayırdılar ki, qaçmasınlar. Bu, vəhşilikdir, öz əsgərinə qarşı vəhşilikdir.
Şuşa əməliyyatından sonra Ermənistan diz çökdü. Şuşa əməliyyatı ayrıca bir dastandır, o haqda hələ çox danışılacaq. Ancaq Şuşaya gedən hər bir adam o sıldırım qayaları görərkən təsəvvür edə bilmir ki, o alınmaz qala necə alındı. Ancaq peşəkarlıq, rəşadət, qəhrəmanlıq və milli ruh hesabına biz Şuşanı azad etdik və düşmən diz çökdü, qabağımızda başını əydi, ağ bayraq qaldırdı, öz məğlubiyyətini etiraf etdi, noyabrın 10-da kapitulyasiya aktına imza atdı və biz bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonlarının işğal altında olan hissəsini də geri aldıq.
İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq”.