Nazirlər Kabineti dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydasını təsdiqləyib. Sənəd “Dövlət qulluğu haqqında” qanunda yeniliklərə əsaslanır. Novator.az bildirir ki, qanun yeniliyinə görə, dövlət qulluqçusunun il ərzində xidməti fəaliyyəti bu meyarlar əsasında qiymətləndirilir: peşə bilikləri; qulluq (xidməti) vəzifələrinə münasibəti; təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı; yaradıcılıq və təşəbbüskarlıq; iş təcrübəsi və onu bölüşmə; kollektivdə işləmək və ünsiyyət bacarığı.
Rəhbər vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinə həmçinin proqnozlaşdırma; idarəetmə; kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı; komanda qurmaq bacarığı meyarları əsasında qiymət verilir.
Xidməti fəaliyyət bu şəkildə qiymətləndirilir: əla; yaxşı; kafi; qeyri-kafi.
Dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən yekun qiymətin 50 faizi tapşırıqların (hədəflərin) icra səviyyəsinin qiymətləndirilməsinə, 40 faizi meyarlar əsasında qiymətləndirilməyə, 10 faizi əmək intizamı əsasında qiymətləndirməyə əsaslanır.
Nazirlər Kabinetinin rəsmiləşdirdiyi qaydaya əsasən, ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına uyğun dövlət qulluğu vəzifələrini tutan dövlət qulluqçularının, stajor kimi və sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin, habelə təqvim ilinin sonunadək müvafiq vəzifədə faktiki olaraq 6 aydan az müddətdə qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilmir.
Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qiymətləndirilmə forması əsasında aparılır. Qiymətləndirilmə forması hər il yanvar ayının 1-dən 30-dək olan müddətdə tərtib edilir. Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun qulluq keçdiyi struktur bölmənin fəaliyyət istiqamətlərinə uyğun və dövlət qulluqçusunun qulluq funksiyaları çərçivəsində olmalıdır.
Qiymətləndirilmə dövrü hər il yanvarın 1-dən dekabrın 31-dək olan dövrü əhatə edir. Dövlət qulluqçusunun qiymətləndirilməsi hər il dekabr ayının 1-dən gec olmayaraq başlanır və növbəti il yanvar ayının 10-dək başa çatdırılır.