Müsavat Partiyasının bir qrup fəalı aprelin 9-u Bakıda, Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirib. Partiyanın mətbuat xidmətinin məlumatına görə, aksiyada Şuşa şəhərinə “İskəndər-M” raketi atılmasına etiraz bildirilib və Rusiyadan buna görə izahat tələb edilib
Aksiyanın qətnaməsində deyilir: “Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşları işğaldan azad edilmiş Şuşa şəhəri ətrafında “İskəndər” raketlərinin qalıqlarını aşkarlayıblar. Həmin raket qalıqlarının Rusiyanın Ermənistana rəsmən verdiyi “İskəndər-E” modifikasiyasına deyil, daha uzaq mənzilli və nüvə başlığı daşıya bilən “İskəndər-M” versiyasına aid olduğu ortaya çıxıb. Bu versiya 500 kilometr mənzilə malik orta mənzilli raketlər sinfinə aiddir. Həmin raketlərin ixracı 1987-ci ildə ABŞ-la SSRİ arasında imzalanan, yaxın və orta mənzilli raketlərin məhv edilməsinə dair müqavilənin tələblərinə ziddir.
Raketin identifikasiya nömrəsi və düşdüyü ərazinin coğrafi koordinatları da açıqlanıb. Bu identifikasiya nömrəsinin məhz Rusiyanın istifadəsindəki “İskəndər-M” raket komplekslərinə aid olduğunu həm Azərbaycanın, həm də Rusiyanın hərbi ekspertləri təsdiqləyib.
Rusiyanın Azərbaycandakı səfirliyi önündə keçirilən piketin iştirakçıları bu faktı Rusiyanın Qarabağ müharibəsində nəinki işğalçı Ermənistana hərbi-siyasi dəstək verdiyinin, hətta hərbi əməliyyatlara bilavasitə qoşularaq Azərbaycana nöqtə zərbələri endirdiyinin – hərbi təcavüzün sübutu kimi qiymətləndirir.
Rusiya rəsmi dairələrindən Şuşaya “İskəndər-M” raketlərinin atılması ilə bağlı izahat verməsini tələb edirik.
Beynəlxalq birliyi, o cümlədən BMT və ATƏT-i Qarabağda və bütövlükdə regionda ənənəvi olaraq separatizmi dəstəkləyən Rusiyanın pozuculuq fəaliyyətini dayandırmaq üçün təsirli tədbirlər görməyə, 44 günlük Qarabağ müharibəsində qadağan olunmuş silahlardan Azərbaycana qarşı istifadə etməsinə siyasi-hüquqi qiymət verməyə çağırırıq”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-dən apardığı əməliyyatlarda və 10 noyabr atəşkəsində əldə olunan razılaşma nəticəsində ərazilərin böyük qismi azad edilib. Hazırda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Laçın rayonları və keçmiş Ağdərə rayonu qismən Azərbaycanın nəzarətindədir.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun bir neçə kəndi bölgədə atəşkəsə məsul olan Rusiya Ordusu bölmələrinin əlindədir.