BMT Təhlükəsizlik Şurasında minaların zərərsizləşdirilməsi məsələləri üzrə debatlar keçirilib. AZƏRTAC-ın 9 aprel məlumatına görə, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev virtual açıq debatlarda çıxışında deyib: “Partlama təhlükəli fəsadlara malik minalar və əldəqayırma partlayıcı qurğular münaqişədə və münaqişədən sonrakı vəziyyətdə olan ölkələrin gündəlik həyatına təsir göstərir, mülki əhali, hərbçilər, sülhməramlı və humanitar heyət üçün ölümcül təhlükə yaradır. Biz Azərbaycanda mina əleyhinə fəaliyyətin potensialının möhkəmlənməsində Birləşmiş Millətlər Təşkilatının dəstəyini dəyərləndiririk. Azərbaycanın Minatəmizləmə Agentliyi BMT-nin köməyi ilə son 20 ildə 800 mindən çox mina və partlama təhlükəsi olan digər döyüş sursatlarını zərərsizləşdirərək 160500-dən artıq məcburi köçkünün doğma evlərinə təhlükəsiz qayıdışının təmin olunmasına yardım edib. Lakin Azərbaycan yerüstü minaların və müharibənin partlama təhlükəli fəsadlarından hələ də əziyyət çəkən ölkələr siyahısına daxildir.
Ermənistan 1991-ci ilin sonu, 1992-ci ilin əvvəllərində Azərbaycana qarşı geniş müharibəyə başlayıb. Nəticədə Azərbaycan ərazilərinin xeyli hissəsi işğal edilib. Müharibə on minlərlə insanın həyatına son qoyub, şəhərlər, qəsəbələr və kəndlər dağıdılıb, işğal edilmiş bütün ərazilərdən 700 mindən çox azərbaycanlı çıxarılıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində 300-dək şəhər, qəsəbə və kəndin yerləşdiyi təqribən 10 min kvadrat kilometr ərazi işğaldan azad edilib.
Azərbaycan prezidenti, Rusiya prezidenti və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il bəyanatı Ermənistanla Azərbaycan arasında təxminən 30 illik silahlı münaqişəyə son qoydu və regionda möhkəm sülhün təsdiqlənməsi üçün razılaşdırılmış parametrləri müəyyən etdi. 2021-ci il yanvarın 11-də üç ölkənin liderləri daha bir bəyanat imzaladılar. Bəyanat regionda iqtisadi və nəqliyyat əlaqələri qarşısındakı maneələrin aradan qaldırılması üzrə praktik addımların icrasına istiqamətlənib.
Lakin 10 noyabr 2020-ci il bəyanatı imzalandığı andan bəri Azərbaycanın 20 vətəndaşı, o cümlədən 14 dinc sakin həlak olub, 87 vətəndaş, o cümlədən 16 dinc sakin azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində ciddi xəsarət alıb. Münaqişənin baş verdiyi müddət ərzində Azərbaycanın işğal edilmiş ərazilərinin böyük hissəsi, o cümlədən qəbiristanlıqlar, tarixi yerlər və digər mülki obyektlər ardıcıl surətdə və pərakəndə minalanıb.
Ermənistan işğaldan azad edilən ərazilərdə minalanmış sahələr barədə məlumat təqdim etmir. Bununla da insanların həyatını bilərəkdən riskə atır və işğaldan azad edilmiş ərazilərdə münaqişədən sonrakı bərpa işlərinə, yenidənqurmaya və humanitar səylərə, həmçinin məcburi köçkünlərin öz evlərinə təhlükəsiz şəraitdə qayıtmalarına mane olmağa çalışır.
Ermənistanın hərəkətləri beynəlxalq hüququn açıq şəkildə pozulması deməkdir, onun öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmək və konfrontasiya siyasətindən əl çəkmək istəmədiyini nümayiş etdirir.
Baş katib minaların zərərsizləşdirilməsi üzrə fəaliyyətə hərtərəfli yanaşma barədə məruzəsində vurğulayıb ki, mina əleyhinə fəaliyyət sülhün və davamlı inkişafın müjdəçisi olaraq tərəflər arasında etimadın möhkəmləndirilməsinə mühüm praktik töhfə verir. Bu iclas üçün hazırlanan konseptual qeyddə göstərilir ki, xüsusilə mina əleyhinə fəaliyyət davamlı inkişaf üçün həlledici əhəmiyyət kəsb edir, sabitliyə və sülhün dəstəklənməsinə müsbət töhfə verir. Bu sözlər həddən artıq aktualdır. Çünki bizim regionumuzda yeni vəziyyət yüz minlərlə məcburi köçkün üçün doğulduqları yerə təhlükəsiz qayıtmaq hüquqlarını həyata keçirməyə imkanlar açır. Müharibənin dağıdıcı nəticələrinə baxmayaraq sülhün bərqərar olması, sabitliyin möhkəmləndirilməsi, dinc yanaşı yaşayışın bərpa edilməsi, gündəlikdə duran barışıq məsələsinin irəliləməsi, iqtisadi inkişafa və əməkdaşlığa investisiya qoyulması üçün unikal imkanlar və real perspektivlər təqdim edir. Buna görə də beynəlxalq birliyin təxirəsalınmaz reaksiyası ədalətin, məsuliyyətin, yerüstü minaların və müharibənin partlama təhlükəli fəsadlarının təhdidi altında olanların həyat və hüquqlarının müdafiəsinin təmini üçün böyük əhəmiyyət kəsb edir”.