Aprelin 8-də Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə zəng vurub. Rəsmi məlumata görə, telefon söhbətində Dağlıq Qarabağ ətrafında vəziyyət, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarına müvafiq olaraq vəziyyətin daha da sabitləşdirilməsinin müzakirəsi davam etdirilib. Xüsusi olaraq sülhün, təhlükəsizliyin və regionun davamlı sosial-iqtisadi inkişafının təmin olunması, həmçinin nəqliyyat kommunikasiyalarının bərpası üzrə işin gedişi ətraflı şəkildə nəzərdən keçirilib. Bu baxımdan Rusiya prezidentinin Ermənistanın baş naziri ilə aprelin 7-si Moskvada keçirdiyi görüşün yekunları nəzərə alınıb. Müxtəlif formatlarda təmasların fəallaşdırılması qərarı verilib.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, ərazidə özünü müstəqil dövlət adlandıran Dağlıq Qarabağ rejimi qurulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Dağlıq Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.
Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun bir neçə kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.
2021-ci il yanvarın 11-də İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin Moskvada imzaladıqları birgə bəyanatla regionda bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını reallaşdırmaq məqsədilə üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb. Azərbaycanı baş nazirin müavini Şahin Mustafayev, Rusiyanı baş nazirin müavini Aleksey Overçuk, Ermənistanı baş nazirin müavini Mger Qriqoryan təmsil edir.