Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Məclisinin üzvü İsa Qəmbər “Amerikanın səsi”nə müsahibə verib.
– ABŞ Dövlət Departamentinin 2020-ci il üzrə insan hüquqları hesabatında Azərbaycanda həqiqi seçki rəqabətinə əngəllərdən də bəhs edilir…
– Təəssüf ki, bu, düzgün yanaşmadır. Azərbaycanda Əliyev rejimi dönəmində azad və ədalətli, həqiqi demokratik seçkilər olmayıb. Seçkidən seçkiyə vəziyyət daha da pisləşib. Axırıncı parlament seçkisində – 2020-ci ilin fevralındakı növbədənkənar parlament seçkisində də iştirakçılar üçün bərabər imkanlar yaradılmamışdı. Bütün göstəricilər üzrə hakimiyyət partiyası və hakimiyyət yönümlü namizədlərə üstün vəziyyət yaradılırdı. Gerçək müxalifətə, xüsusən seçkidə iştirak edən Müsavat Partiyasına qarşı həddindən artıq ayrı-seçkiliklə yanaşmalar mövcud idi.
– Azərbaycanda tam beynəlxalq standartlara uyğun seçki keçirilməsinə nə maneə olur?
– Əsas səbəb hakimiyyətin həqiqi, azad seçki keçirmək iradəsinin olmamasıdır. Siyasi iradənin olmamasıdır. Hakimiyyətin azad seçki keçirmək iradəsi olsa, digər amillər o qədər də təsir göstərməyə bilər.
– Sizcə, ölkədə seçki islahatlarının aparılması mümkündürmü? Bu islahatlar necə olmalıdır?
– Siyasi iradə olsa, seçki qanunvericiliyi nə qədər bərbad hala gətirilsə belə, normal seçki keçirmək mümkündür. Amma təbii ki, Seçki Məcəlləsinin təkmilləşdirilməsinə, həqiqi demokratik seçkilər üçün, rəqabətli seçkilər üçün şərait yaradılmasına nail olmaq lazımdır. İlk növbədə seçki komissiyalarında aparıcı siyasi qüvvələrin təmsilçilərinin iştirakına şərait yaradılmalıdır. Komissiyalarda hakimiyyətin nümayəndələri var, müxalifətin də nümayəndələri olmalıdır. Gerçək müstəqil namizədlər üçün də bərabər imkanlar yaradılmalıdır.
Namizədlərin qeydə alınması məsələsi dəyişilməlidir. Seçkiyə nəzarət sistemində imkanlar artırılmalıdır ki, müşahidəçilər və namizədlərin rəsmi nümayəndələri həqiqətən prosesi izləyə bilsinlər. Bir çox dəyişikliyə ehtiyac var. Amma yenə də əsas məsələ hakimiyyətin həqiqi seçkiyə siyasi iradəsinin olub-olmamasıdır.
– Konstitusiyada nəzərdə tutulan hakimiyyət bölgüsü seçkilərin demokratikliyini təmin etmək üçün hüquqi əsaslar yaradırmı?
– Təəssüf ki, seçkilər ildən-ilə pisləşdiyi kimi hakimiyyət konstitusiyanı da bərbadlaşdırıb. 1995-ci ildə qəbul edilən konstitusiyaya bizim Musavat Partiyası olaraq və demokratik düşərgə olaraq ciddi iradlarımız vardı. Amma sonrakı illərdə, yeddi ildən bir keçirilən referendumlarda konstitusiyanı təkmilləşdirmək əvəzinə daha da pis vəziyyətə salıblar. Hakimiyyətin bölünməsi məsələsi məhdudlaşdırılıb. Prezident hakimiyyətinin səlahiyyətləri həddindən artıq artırılıb və digər qolların imkanları məhdudlaşdırılıb.
– Siyasi partiyalar və QHT-lər seçkilərin demokratikliyini təmin etmək üçün hansı addımlar atmalıdır?
– Vətəndaş cəmiyyəti son illərdə, xüsusilə son 7-8 ildə dəhşətli zərbələr alıb. Xeyli zəiflədilib. Vətəndaş cəmiyyətinin, QHT-lərin, vətəndaş cəmiyyəti fəallarının proseslərə təsir imkanları xeyli məhdudlaşdırılıb.
Repressiyalar, siyasi məhbus məsələsi və digər məsələlər siyasi partiyaların da inkişafına çox ciddi problemlər yaradıb. Bütün bunlara baxmayaraq hər halda Müsavat kimi bir partiya var ki, öz daxilində azad və ədalətli seçkilər keçirməklə göstərməyə çalışır ki, Azərbaycan xalqı azad və ədalətli seçkiyə qadir və layiq bir xalqdır. Məncə, partiyaların əsas missiyalarından biri də budur. Partiyalar sübut etməlidirlər ki, onlar demokratiyaya hazırdırlar. Azərbaycan cəmiyyəti buna hazırdır.