Dövlət Sərhəd Xidmətinin rəsmi məlumatına görə, aprelin 6-sı Qubadlı rayonunda, Ermənistan sərhədində növbəti hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.
Mərasimdə iştirak edənlər inzibati bina və təlim mərkəzi, şəxsi heyətin iş otaqları, kazarma və yeməkxana, təlim sinifləri, hamam-camaşırxana kompleksi, anbar, silah və texniki vasitələr, avtomobil texnikası ilə tanış olublar.
Təlim mərkəzinin atış poliqonunda zirehli texnika, atıcı silahlar, minaatan və zenit qurğularından təlim atışları yerinə yetirilib.
Kompleksin daimi su, elektrik enerjisi və digər zəruri avadanlıqlarla təmin edildiyi vurğulanır.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-dən apardığı əməliyyatlarda və 10 noyabr atəşkəsində əldə olunan razılaşma nəticəsində ərazilərin böyük qismi azad edilib. Hazırda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Laçın rayonları və keçmiş Ağdərə rayonu qismən Azərbaycanın nəzarətindədir.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun bir neçə kəndi bölgədə atəşkəsə məsul olan Rusiya Ordusu bölmələrinin əlindədir.