Əhməd Əhmədzadənin baş nazirin müşaviri təyin olunduğu xəbəri yayılıb. O, aprelin 2-dək “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri idi, həmin postdan prezident İlham Əliyevin sərəncamı ilə çıxarılıb.
1945-ci il təvəllüdlü Əhməd Əhmədzadə Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, kənd təsərrüfatı nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru olub, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsini 2006-cı ildən tutub.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətin əsas vəzifəsi su ehtiyatlarını idarə etmək, ölkə iqtisadiyyatının müxtəlif sahələrini, əsasən də kənd təsərrüfatı sahəsinin suvarma suyu ilə təmin etmək, suvarma suyunun bölgüsünü aparmaq, ondan səmərəli istifadə olunmasına nəzarət etmək, torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq, sel sularına qarşı mübarizə tədbirlərini həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək və sahənin elmi-texniki inkişafını təmin etməkdən ibarətdir.
Aprelin 5-də Zaur Mikayılov “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunub. Prezident İlham Əliyev həmin gün Zaur Mikayılovu video formatında qəbul edərkən əvvəlki rəhbərin dövründə buraxılmış səhvlərə də toxunub. O qeyd edib ki, təhlillər suyun ədalətsiz bölüşdürülməsi hallarının geniş vüsət aldığını üzə çıxarıb: “Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda bəzi fermerlərə, bəzi kəndlilərə su çatmırdı. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılıb. Təhlil aparılarkən biz buna da rast gəldik. Belə çıxdı ki, heç kim buna məsuliyyət daşımır, heç kim buna cavabdehlik daşımır. Buna son qoyulmalıdır. Mən göstəriş vermişdim ki, su xətləri üzrə həm vizual monitorinq aparılmalıdır, yəni yerində, eyni zamanda müasir müşahidə sistemləri – kameralar quraşdırılmalıdır və bu qanunsuz birləşmələrə son qoyulmalıdır”.
Novator.az-ın məlumatına görə, müxalif Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli yazır ki, prezident İlham Əliyev aprelin 5-də Əhməd Əhmədzadənin işini tənqid edib, onun illər rəhbər olduğu sahədəki səhvlərə toxunub, aprelin 6-da isə baş nazir Əli Əsədovun Əhməd Əhmədzadəni özünə müşavir təyin etdiyi xəbəri yayılıb: “Sistem o qədər çürükdür ki, illərdir belə iri məmurlar yetişdirib, onlar fantastik varlıdırlar, şəbəkələşiblər, vəzifələrdə qohum-əqrəbaları, “çörək verdiyi” insanlar ordusu var, güclüdürlər, istənilən sabotaja qadirdirlər. Müşavir təyinatı mesajdır ki, qorxmayın, loyal olmağa davam edin, əl altından işlər görməyin, sizlərə dəyməyəcəklər. Bu sistemin ən zəif nöqtəsi ideoloji olmamasıdır, aşağıdan ta yuxarıya loyallıq, sədaqət, siyasi-ideoloji deyil, ancaq maddi maraq və korrupsiya üzərində inşa edilib”.