ABŞ-ın “Foreign Policy” jurnalında “Ukrayna sərhədinə toplanan Rusiya qoşunları Bayden komandasının əsəblərini gərir” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifləri Robbi Qreymer, Emi Makkinnon və Cek Detçdir.
Novator.az-ın məlumatına görə, məqalədə öncə xatırladılır ki, aprelin 2-də ABŞ prezidenti Cozef Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışıb: “Bu, Baydenin prezident olandan bəri Ukrayna lideri ilə ilk telefon söhbətidir. 50 dəqiqə çəkən telefon söhbətindən sonra Zelenski öz “Twitter” səhifəsində yazıb: ”Biz bir-birimizə arxa olacağıq, çünki söhbət demokratiyanın qorunub saxlanmasından gedir”.
Bundan bir gün qabaq – aprelin 1-də isə NATO nümayəndələri Ukraynadakı vəziyyəti müzakirə ediblər. Rusiyanın böyük qüvvə ilə hərbi təlimlər keçirməsini, Ukraynanın şərqində növbəti təhdidlər yaratmasını narahatlıqla qarşılayan NATO təmsilçilərindən biri “Foreign Policy” jurnalına açıqlamasında deyib ki, Rusiyanın addımları gərginliyi daha da artırır: “Lakin bizim mövqeyimiz bəllidir – NATO Ukraynanın ərazi bütövlüyünü tanıyır və bu ölkənin suverenliyinə dəstək verməkdə davam edir. Biz öz təmkinimizi qoruyub saxlamağa çalışırıq, hadisələri izləməkdə davam edirik”.
Bütün bunlara cavab olaraq aprelin 2-si Kreml bəyan etdi ki, hər hansı qüvvənin, eləcə də NATO-nun Ukraynada fəaliyyəti münaqişəni daha da qızışdıra bilər və belə getsə, Rusiya özünü qorumaq üçün əlavə tədbirlərə əl atmalı olacaq”.
Məqalədə vurğulanır ki, 2015-ci ildə Ukraynanın şərqində ruspərəst separatçıların silahlı hücumları nəticəsində başlanan bu qanlı siyasətə son qoymaq üçün bağlanmış sülh sazişi yenidən hərbi konfliktlə əvəzlənməkdədir: “Müşahidəçilər yeni hərbi toqquşmanın ötən illərdəki savaşla müqayisədə daha geniş ola biləcəyini düşünürlər. Rusiyalıların sosial şəbəkələrdə paylaşdığı video görüntülərdən də açıq-aydın görünür ki, Rusiyaya məxsus hərbi texnika karvanı Qara dəniz istiqaməti boyunca Ukrayna sərhədlərinə, bu ölkə üçün çox vacib olan bir yarmadaya – Krıma doğru irəliləyir. Krım ərazisini isə, məlum olduğu kimi, Rusiya 2014-cü ildə ilhaq edib.
Amerikalı ekspert Cim Taunsendin fikrincə, Rusiya prezidenti Vladimir Putin vacib bir addım atmaq istəyəndə açıq hərəkətə keçməyə tələsmir.
Amerikanın bir sıra sabiq məmurları isə hesab edirlər ki, Moskva Vaşinqtonu, həmçinin Bayden administrasiyasını sınağa çəkmək istəyir. Tramp administrasiyasının keçmiş məmurlarından biri deyir: “Bu, hərbi manevrə bənzəyir, yaxud da onlar bizim reaksiyamızı öyrənmək, nəbzimizi yoxlamaq istəyirlər. Ancaq əksi də ola bilər, yəni bütün bunlar Putinin planlaşdırdığı hərbi əməliyyatın bir hissəsi ola bilər. Onların strategiyası öyrənilməli, məqsədləri açıqlanmalı, təcili tədbirlər görülməlidir. Rusiyanın növbəti dəfə hücum etməsinə qətiyyən imkan vermək olmaz, bunun qarşısı mütləq alınmalıdır”.
“Conflict İntelligence Team” qrupunun əməkdaşı Kirill Mixaylov bildirir: “Putin nəsə edəcəyini söyləyəndə biz həmişə bunun rasional bir gediş olacağını düşünürük. Ancaq onun belə məsələlərə baxışının tam fərqli olduğunu nəzərə almalıyıq. O, gözlənilmədən qərar verir”.
Rusiyalı hərbi analitik Pavel Felgenqauer mart ayında BBC-yə müsahibəsində konflikti belə xarakterizə etmişdi: “Rusiya hərbi qüvvələrində hesab edirlər ki, Qərb Belarusu, Ukraynanı bəhanə gətirərək, Aleksey Navalnını əlində alət edərək bütün cəbhə boyu Rusiyaya hücuma keçib, hibrid savaşa başlayıb”.
Ukraynada vəziyyətin yaxşılığa doğru dəyişməsi, rusların dəstəklədiyi separatçı qüvvələrin geriyə oturdulması üçün prezident Zelenski artıq müəyyən addımlar atıb. Fevral ayında rəsmi Kiyev ukraynalı oliqarx, Putinin müttəfiqi Viktor Medvedçukun fəaliyyətinə sanksiyalar tətbiq edib və bu maqnata məxsus üç telekanalın yayımı dayandırılıb. Keçmiş amerikalı məmurlar Putinin “Şimal axını” layihəsi ilə bağlı Almaniyaya da təzyiq göstərdiyini söyləyirlər. Berlin də şərqi Ukraynadakı vəziyyətlə bağlı narahatlığını ifadə edib.
Amerika ordusunun yüksək rütbəli bir məmurunun ruslar haqqında dedikləri də maraqlıdır. O hesab edir ki, ruslar hər yerdə gəlib qırmızı xəttin düz qırağında dururlar, buna etiraz edəndə isə mövqeləri zəifləyir və tez geri çəkilirlər: “Bunu ukraynalılardan yaxşı bilən yoxdur”.
ABŞ-ın Avropadakı quru qoşunlarının sabiq komandanı, istefada olan general-leytenant Ben Hodces Rusiyanın qoşun hissələrinin eskalasiyasını, üç sualtı atom qayığının Arktika buzlaqlarında hərəkətə keçməsini təhlükəli manevr adlandıraraq bütun bunları Moskvanın regionda öz potensialını nümayiş etdirmək cəhdi kimi qiymətləndirib. Ben Hodces Rusiyanın bu hərbi rəqabəti daha da qızışdıracağı, təzyiqləri davam etdirəcəyi qənaətindədir”.
Daha sonra məqalədə deyilir: “NATO nümayəndələrinin aprelin 5-də yaydığı məlmata görə, Rusiyaya məxsus hərbi təyyarələr alyansın sərhədləri yaxınlığında uçuşlar edib. NATO 6 saat ərzində 10 belə uçuşu qeydə alıb. General Ben Hodces bu uçuşların Ukrayna sərhədində baş verənlərlə əlaqəli olduğunu düşünür”.
Məqalədə vurğulanır ki, Baydenin Putini qatil adlandırması, buna cavab olaraq Moskvanın öz səfiri Anatoli Antonovu Vaşinqtondan geri çağırması Qərblə Rusiya arasında gərginliyi, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dediyi kimi, son həddə gətirib çıxarıb: “Bununla belə, Bayden administrasiyası Moskva ilə diplomatik kanalları bağlamaq fikrində deyil. İki ölkə arasında gərginlik hökm sürsə də, ABŞ münasibətlərdə anlaşmalar olacağına ümid edir. ABŞ Dövlət Departamentinin nümayəndəsi “Foreign Policy”yə deyib ki, Vaşinqton Rusiyadakı səfir Con Sallivanı geri çağırmağı planlaşdırmır.
ABŞ Müdafiə Nairliyinin yüksək rütbəli bir keçmiş əməkdaşı isə mövcud durumu belə dəyərləndirib: “Hazırkı dalana dirənmiş vəziyyət Ukrayna üçün daha sərfəlidir, nəinki açıq toqquşmaya gedib ağır zərbələr almaq. Ukrayna üçün Donbas məsələsində ən yaxşısı beynəlxalq ictimaiyyətin təzyiqlərinə nail olmaq və Putin hakimiyyətdən gedənə kimi gözləməkdir. İndi ukraynalılar “Cavelin” raketləri ilə bir neçə tankı vurub məhv etsələr belə, bu onlara çox da kömək etməyəcək”.
Mənbə: Foreignpolicy.com