Aprelin 5-də prezident İlham Əliyev Zaur Mikayılovu “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar video formatında qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı meliorasiya və su təsərrüfatı sahəsinin prioritet sahələrdən biri olduğunu vurğulayıb: “Mən bu sahəyə həmişə çox böyük diqqət göstərmişəm. Bu gün, indiki şəraitdə bu sahənin əhəmiyyəti daha da artır. Son illər ərzində bu sahədə böyük işlər görüldü. Köhnə infrastrukturun təmiri ilə bağlı əsaslı işlər görülüb. Çünki əsas infrastruktur sovet dövründə yaradılmışdı və vaxt keçdikcə yararsız vəziyyətə düşmüşdü, ona görə buna ehtiyac var idi. Eyni zamanda mənim təşəbbüsümlə bir neçə böyük su anbarı inşa edilib. Əgər vaxtında bu su anbarları inşa edilməsəydi, bu gün meliorasiya sahəsində bizim böyük problemlərimiz ola bilərdi.
İçməli su təminatı da Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətində həmişə diqqət mərkəzində olub. Cəmiyyət ölkəmizdə bir neçə içməli su layihəsini də icra edib.
Meliorativ tədbirlər hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır, xüsusilə su ehtiyatları o qədər də böyük həcmdə olmayan ölkələrdə bunun daha da böyük əhəmiyyəti var. Su anbarlarının, su kanallarının tikintisi infrastruktur layihələr arasında həmişə prioritet yerdə olub və bundan sonra da belə olacaq.
Bütün bu işlərlə bərabər biz suyun səmərəli istifadəsindən də həmişə narahat idik. Bu sahədə əldə edilmiş uğurlar var, eyni zamanda çətinliklər var, çatışmazlıqlar var. Bunlar aradan qaldırılmalıdır. Amma bütövlükdə son illər ərzində kənd təsərrüfatının dayanıqlı inkişafı, o cümlədən su təminatının səmərəliliyi ilə bilavasitə bağlıdır. Biz son illər ərzində vaxtilə suvarılmayan torpaqlara su gətirmişik. Bu torpaqların həcmi 100 min hektarlarla ölçülür. Vaxtilə ümumiyyətlə su görməyən torpaqlara, yaxud da qismən suvarılan torpaqlara suyun verilməsi bu bölgələri canlandırdı və 100 minlərlə hektar torpağa su verildi.
Bu gün biz kənd təsərrüfatının müxtəlif sahələrində bu siyasətin təzahürlərini görürük. Bizim bəzi iri fermer təsərrüfatlarımızda, taxılçılıqla məşğul olan təsərrüfatlarda məhsuldarlıq bir hektardan 50, 60, hətta 70 sentnerə çatır. Bu, Avropanın aparıcı ölkələrinin səviyyəsinə uyğundur və ona bərabərdir. Burada təkcə suvarma işlərinin yox, digər tədbirlərin də xüsusi çəkisi var. Ancaq suvarma olmadan məhsuldarlıqdan söhbət gedə bilməz.
Biz indi ərzaq təhlükəsizliyimizi təmin etmək üçün əməli addımlar atırıq. Ölkəmizin imkanları, gözəl iqlim, bir neçə iqlim zonasının mövcudluğu bizə imkan verir ki, bir çox məhsullar Azərbaycanda yetişdirilsin. Məhsuldarlığın artırılması bu işlərə daha böyük təkan verəcək. Biz nəzərə almalıyıq ki, Azərbaycan dövləti sürətlə inkişaf edir, tələbat artır, əhali artır. Sovet İttifaqı dağılanda Azərbaycan əhalisi 7 milyon idisə, bu gün 10 milyondan çoxdur. Deməli, istehlak artır. Daxili istehlakı təmin etmək və ixrac imkanlarımızı artırmaq üçün qeyri-neft sektoru sahəsində kənd təsərrüfatının xüsusi yeri var. Təbii ki, suvarma aparılmadan, bu sahədə işlər düzgün istiqamətdə təşkil olunmadan biz hər hansı bir uğurdan söhbət apara bilmərik.
Sizin qarşınızda duran vəzifələrdən biri çatışmazlıqların aradan qaldırılmasıdır, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsidir, müasir texnologiyaların ölkəmizə gətirilməsidir. Çünki biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik. Dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir. Bizdə mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər bəzi hallarda təbii xarakter alır, amma bəzi hallarda səhlənkarlıq ucbatından baş verir. Uçotun olmaması bizim işimizi çətinləşdirir. Ona görə tam uçot aparılmalıdır. Bizim su anbarlarımıza daxil olan və oradan çıxan suyun həcmi yaxın aylara qədər uçota alınmırdı. Düzgün təhlil aparmaq, proqnoz vermək üçün imkanımız yox idi. Ona görə itkilərin azaldılması ən vacib problemlərdən biridir.
Kanalların təmiri və yenidən qurulması da önəmli vəzifələrdən biridir. Sovet vaxtında çəkilmiş kanalların böyük əksəriyyəti torpaq kanallar idi. Onların böyük hissəsi bu gün də fəaliyyətdədir. Əlbəttə ki, torpaq kanallar suyun istənilən həcmdə ötürülməsinə imkan vermir, itkilər, o cümlədən buna görə baş verir, eyni zamanda torpağın şoranlaşmasına da gətirib çıxarır. Ona görə də biz canımızı torpaq kanallardan qurtarmalıyıq. Ancaq onun əvəzinə hansı texnologiyalar gətiriləcək, bunu artıq siz müəyyən etməlisiniz. Dünyanın bu sahədəki aparıcı şirkətləri ilə sıx təmaslar qurulmalıdır, iqlimi bizim iqlimimizə oxşar olan ölkələrin təcrübəsindən faydalanmalıyıq. Elə ölkələr var ki, orada su resursları bizimkindən də azdır, ancaq məhsuldarlıq qat-qat çoxdur. Ona görə bütün bunlar gərək dəqiq araşdırılsın, düzgün fəaliyyət planı tərtib edilsin, lazım olarsa, dövlət proqramı qəbul olunsun ki, biz bundan sonrakı illərdə meliorasiya və suvarma sahəsində dünyanın ən müasir prinsiplərini ölkəmizdə tətbiq edək”.