Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılov həbs edilib.
Novator.az bildirir ki, Rafael Cəbrayılov 1958-ci ildə doğulub. Hüquqşünasdır. Uzun illər prokurorluq sistemində çalışıb. Ədliyyə polkovnik-leytenantıdır. 2005, 2010, 2015-ci illərdə parlamentin deputatı seçilib.
2019-cu ildə Rafael Cəbrayılovun vətəndaşların külli miqdarda vəsaitini mənimsəməsi, buna görə məhkəməyə verilməsi barədə xəbərlər yayılıb. Bundan sonra Rafael Cəbrayılov Milli Məclis üzvlüyündən imtina edib. Mərkəzi Seçki Komissiyası həmin il oktyabrın 2-də Rafael Cəbrayılovun deputat mandatına xitam verib.
Baş Prokurorluğun 2 aprel 2021-ci il məlumatına görə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi sabiq deputatın öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə cinayət işi başlayaraq ibtidai istintaq aparıb: “Rafael Cəbrayılovun deputat olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlunun Bakı şəhər sakininə satdığı, Binəqədi rayonunda yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.
Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Rafael Cəbrayılovun törətmiş olduğu cinayət əməllərinin tam dairəsinin, o cümlədən vətəndaşlara vurduğu ziyanın məbləğinin müəyyənləşdirilməklə zərərin ödətdirilməsi istiqamətində intensiv istintaq aparılır”.